"Tinder fırıldaqçısı" kimi məşhurlaşan Saymon Leviev (əsl adı Şimon Yequda Hayut) adından istifadə etdiyi Levievlər ailəsi tərəfindən məhkəməyə verilib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, iddia "People" nəşri tərəfindən əldə edilən məhkəmə sənədləri nəticəsində təsdiqini tapıb. "Brilyantların kralı" kimi tanınan israilli iş adamı Lev Leviev hesab edir ki, sözügedən gənc onun soyadından istifadə etməklə zənginləşib. İş adamının nümayəndəsi bu xüsusda Şimonun L.Levievin oğlu olduğunu və şirkətdən çoxlu gəlir əldə etdiyi barədə iddialarını xatırladıb. O, varlı ailəsinin bütün xərcləri qarşılayacağını iddia edərək yalan danışıb. Məhz iddiada da Şimonun insanları aldatdığı, onlara və şirkətlərə zərər verdiyi öz əksini tapıb.
“Müttəhim qadınları tapmaq üçün tanışlıq proqramından istifadə edib, onları emosional şəkildə manipulyasiya edib, pulları oğurlayıb və nəticədə onu öldürmək niyyətində olan şəxslərdən gizlənmək adı ilə ona külli miqdarda pul köçürməyə inandırıb” - deyə, iddiada deyilir.
Leviyevlər ailəsini təmsil edən vəkil Qay Ofir bildirib ki, hazırda təmsil etdiyi ailəyə məxsus şirkətlərin digər məhkəmələri bitdikdən sonra Şimon və onunla çalışan şəxsə qarşı iddia qaldırılacaq.
"Bu cinayət sxemindən qazanc əldə etməyə çalışan hər kəs cəzasını alacaq” - deyə, vəkil bildirib.
Lev Levievin qızı Çaqit “People” jurnalına açıqlamasında bu sözləri qeyd edib:
"Şimon bizim adımızdan istifadə edərək qurbanları milyonlarla dollar pulla aldatmağa çalışan fırıldaqçıdır. Onun Levievlər ailəsi və "LLD Diamonds" şirkəti ilə heç bir əlaqəsi yoxdur. Şadam ki, onun əsl üzü və hərəkətləri bütün dünyada ifşa olunub və ümid edirəm ki, bu, onun pis niyyətli hərəkətlərinə son qoyacaq”.
Qeyd edək ki, "Netflix"in Şimonun dələduzluğunu işıqlandırdığı "Tinder fırıldaqçısı" sənədli filmi platformada ən çox izlənilənlər siyahısında yer alıb. Məhz bu filmdən sonra onun digər qurbanları da ortaya çıxıb. İddialara görə, Şimon qurbanlarını təxminən 10 milyon dollar aldadıb. O, dələduzluq, oğurluq və saxtakarlıqda təqsirli bilinərək 2019-cu ilin dekabrında 15 ay həbs cəzasına məhkum edilsə də, cəmi 5 aydan sonra şərti azadlığa buraxılıb.