"Eurovision 2021"də Rusiyanı təmsil edən Manija Ukraynadakı müharibədən yazıb.
Axşam.az xəbər verir ki, ifaçı hadisələrin dəhşətli nöqtəyə gəlib çatdığını bildirib. Uşaqlıqda müharibə gördüyünü xatırlayan Manija bunları əlavə edib:
"Dəqiqələr bizi daha da ümidsizliyə sürükləyir. 600 mindən çox insan doğma evini tərk edib. Var olan hər şeylərini tərk edib, bilinməyən bir yola çıxıblar. Milyonlarla insan bombalar altında qalıb. Ölən, travma alan uşaqlar var. Bu anda gözümün önündən uşaqlığım şəkillər kimi keçir. Doğma, Düşənbə, evimizə bomba düşüb və atamı tapa bilmirik. Anam bütün şəhərboyu qaçır, mən isə onun qucağında qışqırıram. Heç bilmirəm ki, biz hara belə gedirik. Nəqliyyat yoxdur, amma döyüş gedir. Biz aerodroma çatdıq, anam çantanı daşıyır, mən isə sevinirəm: yeni bir şey görürəm. Anam isə vətəni ilə sağollaşaraq, ağlayır".
İfaçı yeganə ümidin danışıqlar olduğunu vurğulayıb.