Aparıcı Viktoriya Bonya instaqramda canlı yayımda Rusiyanın Ukraynaya hücumunu müzakirə edib.
Axşam.az xəbər verir ki, uzun illərdir həm Rusiyada, həm də Monakoda yaşayan aparıcı bu açıqlamasından sonra yüzlərlə mesaj aldığını bildirib:
"Avropada yaşayan ruslar, onların dünyaya gələn və məktəbə gedən övladları insanların xoş olmayan tənqidləri ilə qarşılaşırlar. Onlara deyilir ki, "Gedin və prezidentinizə deyin ki...". Elə təəssürat yaranır ki, sanki biz Vladimir Putinlə mətbəxdə oturub çay içir, "WhatsApp"da yazışırıq. Başa düşürəm ki, çox ağrılıdır, amma indi dünyadakı ruslara nələr edilir. Fikrimcə, bu soyqırım iyi verir. Ən dəhşətlisi isə odur ki, bu nifrəti bir nəsil ürəyində saxlamayacaq. Hazırda çətin durumda olan insanlara dua edənlərin hamısı bunu yaşayacaq".
Viktoriya əlavə edib ki, özü bu cür halla rastlaşmasa da, dostlarının başına gəlib:
"İspaniyada yaşayan dostlarım restorana gediblər, orada yazılıb ki, rus pasportu olanlara biz ancaq daşdan hazırladığımız şorba təklif edirik".
"İlk vaxtlar ruslar ukraynalılara çox dəstək olurdular. İndi isə ruslar bir-birilərini dəstəkləyirlər. Siz özünüzdən insanları uzaqlaşdırırsınız. "Biz birik, bizi burada günahlandırmayın" deyənləri də pis vəziyyətdə qoymusunuz" deyə, Bonya əlavə edib.