Dünyanın ən zəngin adamlarından biri olan Bernard Arnaultun sahibi olduğu moda konqlomeratı "LVMH" Ukraynaya dəstək olmaq məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə 5 milyon avro yardım edəcəyini açıqlayıb.
Axşam.az xəbər verir ki, qrupun yaydığı rəsmi məlumatda deyilir:
"LVMH" qrupu Ukraynadakı faciəvi vəziyyəti diqqətlə izləyir və bu müharibədən zərər çəkənləri dəstəkləyir. Birinci prioritet Ukraynadakı 150 işçinin təhlükəsizliyini təmin etmək və onlara lazımi maddi yardım göstərməkdir".
Həmçinin, qeyd olunub ki, şirkətin zərər çəkmiş işçiləri üçün ayrıca ianələr toplanacaq.
Yardımla bağlı rəsmi açıqlama yayanlardan biri də "Chanel" olub. Brend Ukraynadan olan qaçqınlara yardım göstərən BMT-yə (Birləşmiş Millətlər Təşkilatı) 2 milyon avro (2,2 milyon dollardan bir qədər çox) ianə edib, həmçinin zərər çəkmiş qadın və uşaqlara dəstək verəcək yerli təşkilatlarla işləyəcəklərini bildiriblər.
Bundan başqa, François-Henri Pinaulta məxsus "Kering" də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına ianə edəcəyini açıqlayıb. Lakin qurum məbləği açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl "Burberry", "Gucci", "Balenciaga", "Marni", "Loewe", "JW Anderson", Diesel-in sahibi olduğu "OTB Group" öz vəsaitləri hesabına Ukraynaya dəstək verəcəklərini açıqlayıb. "Vogue Ukrain" də brendlərə Rusiyaya malların çatdırılmasını dayandırmağa çağırıb.