Dünyanın məşhur brendləri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı mağazalarını bağlamağa davam edir.
Axşam.az xəbər verir ki, bu dəfə "Adidas", "Estée Lauder" və "OBI" şirkətləri Rusiya bazarındakı fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını elan ediblər.
Həm oflayn, həm də onlayn satışları dayandıran "Adidas" rəhbərliyi eyni zamanda, şirkət işçilərinə maaş verməkdə davam edəcəklərini bildirib. Həmçinin şirkət yardıma ehtiyacı olan ukraynalılar üçün 1 milyon avro bağışlayacaqlarını bəyan ediblər.
"MAC", "Clinique", "Bobbi Brown", "Jo Malone", "Origins", "DKNY", "Tom Ford Beauty" kimi brendlərinin mərkəzi "Estée Lauder" kosmetik şirkəti də Rusiyadakı mağazalarını bağladığını və yuxarıda adı keçən markaların məhsullarının ölkəyə çatdırılmayacağını açıqlayıb.
Bununla yanaşı, Rusiyada "OBI" tikinti və məişət mallarının beynəlxalq mağazalar şəbəkəsi bağlanır. Bu məqamda qeyd edək ki, şirkətin ölkə ərazisində 27 hipermarketi var və 5000-ə yaxın işçi çalışır.