Dubaydakı "Chanel" mağazası Rusiyadan olan müştərilərə xidmət göstərməkdən imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə jurnalist Laura Cuqeliya öz teleqram kanalında məlumat yayıb:
"Dostum yazır ki, Dubayda “Chanel” mağazasında onun rus olduğunu biləndən sonra ona heç nə satmayıblar. Əvvəlcə telefon nömrəsini istəyiblər, eşidəndə ki, +7 ilə başlayır, onu kənara çəkib satmayacaqlarını dedilər".
Cuqeliya vurğulayıb ki, görünən odur ki, bu siyasət təkcə brendin mərkəzi Parisə aid deyil, Rusiyadan olan bütün vətəndaşlara heç bir şəhərdə satış etməyə icazə verilmir.
Bloger Liza Litvinin sözlərinə görə isə ona “Chanel” çantasını satanda xüsusi bəyanat imzalamağa məcbur etmək istəyiblər. O, bəyanatın mətnindən sitat gətirib: “Mən Rusiyada yaşamıram və onu Rusiya ərazisində geyinməyəcəyəm”.
O, bu barədə "Super.ru"ya danışaraq hadisənin "Emirates Mall"dakı "Chanel"də baş verdiyini deyib. O, şərtlərə görə alışdan imtina etdiyini əlavə edib. Vurğulayıb ki, başqa brendlərin mağazalarında ruslar üçün belə tələblər yoxdur.
Qeyd edək ki, sözügedən brendlə yanaşı bir çox marka Rusiyanın fevralın 24-dən etibarən Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara etiraz əlaməti olaraq bu ölkə ilə əməkdaşlığı sonlandırıb. Onlar Rusiyanın bu hərəkətini pisləyib və ukraynalı qaçqınlara yardım üçün müxtəlif məbləğlərdə ianələr veriblər.