Atası ilə illərdir davam edən qalmaqallı məhkəmə işindən sonra müğənni Britni Spirs bu dəfə anası Linn Spirs tərəfindən hədələnir.
Axşam.az xəbər verir ki, anası ifaçını məhkəməyə verərək, 600 min dollardan çox pul tələb edir. O, bu məbləğlə istifadə etdiyi vəkillərin xidmətlərinə olan borcu ödəmək istəyir.
Linn iddia edir ki, Britninin atasının qəyyumluğundan azad edilməsini sürətləndirən o və vəkilləri olub.
Vəkillər Yasha Bronshteyn və Qladston N.Cons bildiriblər ki, Britni atasının himayəsindən ayrılmaq üçün anasına yalvarıb. Bundan sonra onların müdaxiləsi nəticəsində Britni sərbəstlik əldə edib: o, Mayamiyə tətilə gedə bilib və onun müalicə proqramı kökündən dəyişdirilib. Vəkillərin sözlərinə görə, Linnin məhkəmə prosesində iştirakından sonra beş ay ərzində Ceymi qəyyumluqdan istefa verib və Britni öz həkimini seçmək hüququ alıb.
Hazırda Linn hesab edir ki, onun bu təşəbbüsü kompensasiya edilməlidir.
Bununla belə, Britni bu mövqe ilə qəti şəkildə razılaşmır və artıq anasının məhkəmə xərclərinin ödənilməsi tələbindən imtina etmək üçün məhkəməyə müraciət edib.
Müğənninin vəkili Metyu Rozenqart bildirib ki, Britni anasının Kentvudda böyük bahalı evdə yaşamasını təmin etmək üçün artıq təxminən 1,7 milyon dollar xərcləyib:
"Britni bu illər ərzində bütün ailə üzvlərini dəstəkləyərək, ailəsinin yeganə təminatçısı olub. Anasının gözəl evi və bununla bağlı bütün xərcləri səxavətlə ödəməklə yanaşı, məhkəmə tərəfindən təyin edilmiş vəkil, şəxsi qəyyum və başqaları üçün artıq milyonlarla pul ödəmiş müğənnidən mübahisəli rüsumlar və xərclər tutula bilməz".
Los-Anceles Dairəsinin Ali Məhkəməsinin hakimi işdə əlavə sənədlərin tələb olunduğunu və araşdırma aparmalı olduğunu bildirərək qərarı təxirə salıb. Proses iyulun 20-nə təyin edilib.