Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukraynaya qarşı aparılan müharibə fonunda ilk dəfə paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı hazırda harada saxlanıldığı məlum olmayan rusiyayönümlü mövqeyi ilə tanınan Ukraynanın “Müxalif partiya - Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçuka və həyat yoldaşı, teleaparıcı Oksana Marçenkoya dəstək olduğunu açıqlayıb.
"Dostum Oksananın bu gün siyasi məhbusların həyatı və azadlığının asılı olduğu işgəncə və zorakılığa qarşı beynəlxalq fəaliyyətini dəstəkləyirəm. İndi isə avropalı siyasətçilər, baxın, Ukraynada nə baş verir? Güman edirsiniz ki, Emmanüel Makron (red. - Fransa Prezidenti) fərqli fikirlərinə görə Marin Le Peni (red. - Fransanın Milli Birlik Partiyasının lideri) şərti olaraq dəmir barmaqlıqlar arxasına atacaq? Prezident Co Bayden, (ABŞ) "foxnews"u yalnız siyasətiniz haqqında pis fikirlər səsləndirdiklərinə görə bağlayacaqsınız? Bəs Ukraynada buna niyə icazə verirsiniz?!
İnsan. İnsani münasibət... Mənim üçün ən yüksək və sarsılmaz dəyər, keyfiyyət, tələb budur. İşgəncə, fiziki və mənəvi alçaldılma yolverilməzdir. Mövqeyindən və günün kontekstindən asılı olmayaraq. Ədalətli məhkəmənin qərarı olmadan heç kəs məhkum edilə bilməz. Heç kim alçala bilməz - heç vaxt! Müxalif siyasətçi, Ukrayna qanunları ilə toxunulmazlığı təmin edilmiş deputat Viktor Medvedçukla nə baş verdiyini və nə edildiyini sadəcə şəkillərdən başa düşmək üçün müstəntiq, mütəxəssis olmaq lazım deyil.
Avropalı siyasətçilərə müraciət edirəm ki, dərhal əlaqə saxlasınlar və bütün insanları SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) zirzəmilərindən çıxarsınlar və müstəqil araşdırma aparsınlar. Ümid edirəm ki, təmiz ağıl və xeyriyyəçilik qalib gələcək, sözlərim bir damla da olsa sağlam düşüncə yarada biləcək. Və nəhayət hamı bir-birini eşidəcək!”
Qeyd edək ki, ukraynalı siyasətçi V.Medvedçuk aprelin 12-si Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.
Onu da qeyd edək ki, Filipp ötən il Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi “qara siyahı”ya salınıb. Təhlükəsizlik Xidməti isə ifaçını 2021-ci ilin iyunun 7-sindən 3 il müddətinə ölkəyə gəlişinə qadağa qoyub.
