II Yelizavetanın oğlu şahzadə Endryu azyaşlının zorlanması ittihamından sonra yaranan qalmaqala görə York hersoqu titulunu itirə bilər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, York şəhər şurası şahzadə Endryunu 1987-ci ildən bəri sahib olduğu York şəhərinin azadlığı mükafatından məhrum edib. Bundan əlavə, şura şahzadə Endryudan hersoq titulundan imtina etməyi xahiş edib.
"Kraliça onu hərbi rütbələrindən və kral himayəsindən məhrum etdiyinə görə biz şahzadə Endryu ilə böyük şəhərimiz arasındakı bütün əlaqələri kəsməyi düzgün hesab edirik" deyə, şuranın əməkdaşı Daryl Smalley bildirib.
Ötən il amerikalı Virciniya Roberts-Qiuffre 17 yaşında olanda dəfələrlə şahzadənin təcavüzünə məruz qaldığını iddia edib. Virciniyanın dediyinə görə, bu, onun dostu, pedofiliyada və yetkinlik yaşına çatmayanların cinsi alverində ittiham olunan milyonçu Cefri Epşteynin malikanəsində baş verib.
York hersoqu günahını etiraf etməyib və hər şeyin qarşılıqlı razılaşma əsasında olduğunu bildirib. O, eyni zamanda Epşteynlə dostluğuna görə peşman olduğunu bildirib.
Sözügedən qalmaqal York hersoqu və kral ailəsinin reputasiyasına böyük zərbə olub: Endryu hərbi rütbə və titullarından məhrum edilib, krallıq vəzifələrindən uzaqlaşdırılıb.
Fevralda isə Endryu və Virciniya Roberts məhkəmədənkənar razılaşma əldə edib. York hersoqu ona xeyriyyə fonduna göndəriləcək 16 milyon dollar təzminat ödəməyi öhdəsinə götürüb. Virciniyanın pulunu ödəmək üçün şahzadə İsveçrədə dağ ətəyindəki evini satmaq məcburiyyətində qalıb. II Yelizaveta isə ödənişin bir hissəsini öz üzərinə götürüb.