"Buna görə üzr istəyirik..." - Video+Fotolar

"Buna görə üzr istəyirik..." - Video+Fotolar
13806 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun açıqlamasının əks olunduğu video sosial şəbəkədə böyük səs-küy doğurub. 

Axşam.az xəbər verir ki, S.Əhmədovun qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması açıqlamasını təkzib etməsi ilə bağlı görüntülər tənqid olunub. Bir çoxları sosial şəbəkədə #üzristeyirik həştaqlı videolar yayımlayıb, statuslar paylaşıb. 

Aktyor Kamran Ağabalayev "Heç bir xüsusi səbəb olmadan hamınızdan üzr istəyirəm: yazdıqlarıma, dediklərimə görə. Əvvəl-axır üzr istəyəcəyik, bəribaşdan edirəm. Olub, bir də olmaz. Bir də ən əsas, Səbuhi, səndən də, qardaşından da üzr istəyirəm" sözlərinin yer aldığı videosunu "İşimizi bərk tutaq. Mənim ərkim sənə çatdı" sözləri ilə yayımlayıb.

Müğənni Nura Suri isə videoda "İndiyə kimi edib və etmədiyim hər şeyə görə Azərbaycan xalqından üzr istəyirəm. Başa düşürəm ki, nə vaxtsa hamımızın üzr videosu olacaq. Burada qalsın, götürüb istifadə edərlər. Ən əsası da, şəhid qardaşımızdan üzr istəyirəm" sözlərini söyləyib. 

"Hamınızdan üzr istəyirəm. Baş verən hər şeyi ancaq sosial şəbəkədə izləyib, bacardıöımızı orada yazmalı olduğumuz üçün üzr istəyirəm. Hər gün sosial şəbəkəyə daxil olanda orada daha da utancverici şeylər gördüyüm və əlimdən heç nə gəlmədiyi üçün üzr istəyirəm. Şəhid qardaşımızın qardaşının üzr videosunu izlədiyimiz üçün üzr istəyirəm. Bir neçə saat və gün sonra baş vercəək utancverici hadisəni görəcəyim üçün üzr istəyirəm. bütün şəhid ailələrindən, şəhidlərin ruhundan üzr istəyirəm" deyə, aparıcı-aktrisa Turanə Hüseynli bildirib. 

Aktrisa Sevinc Əliyeva "Olmayan səbəblərə görə hər kəsdən üzr istəyirəm"  deyə, videoda qeyd edib. 

Aktyor Azər Aydəmir isə videoda "Baş verən hadisələri məyusluq içərisində, acizanə halda sosial şəbəkədə izlədiyim və kömək edə bilmədiyim üçün şəhid ailələrindən və xalqımdan üzr istəyirəm. Üzr istəyirəm ki, sadəcə mənəvi dəstək dura bilirəm" sözlərini əlavə edib. 

Aktrisa Zümrüd Qasımova, müğənni-bəstəkar Murad Arif də Sənan Əhmədovun fotosunu yayımlayaraq "Şəhid qardaşı, səndən üzr istəyirəm" sözlərini yazıb. 

Aparıcı İlkin Həsəni "Şimalda ruslar, cənubda farslar, qərbdə ermənilər, içimizdə isə atasız, anasız böyümüş şəhid qardaşına təkzib videosu çəkdirən düşmənlərimiz var! Həssas dönəmdə hansı beyinə sahib olmalısan ki, belə bir əməl edəsən?! Utandım yerinizə!" sözlərini sosial şəbəkə hesabında paylaşıb. 

Aparıcı Turan İbrahimov isə məsələyə "Heç olmasa vaxta buraxıb, gündəmdən salıb, diqqətlərin başqa şeylərə yönəldiyi vaxtda quru, qəliz cümlələrlə bir dənə ”geniş” rəsmi açıqlama yayıb təkzib edərdiniz. İlin-günün bu vaxtı şəhidin boynubükük qardaşını o cür videoya çəkib yaymaq nədi? Güya orduda və digər sahələrdə rüşvətin olması, bu hallara yol verənlərin hələ də oralarda qalması sirdir?" sözləri ilə reaksiya verib.

"Şəhid qardaşının üzr videosuna utanaraq baxdığımız üçün biz səndən üzr istəyirik" deyə, Əməkdar artist Mehriban Xanlarova paylaşımında qeyde dib. 

Məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edənlər arasında aktyor Elcan Rəsulov, rejissor Kənan M.m.-də yer alıb.