“Zəlzələdən sonra biz indiyədək görmədiyimiz ağır günləri yaşadıq. On minlərlə insan evsiz-eşiksiz, günlərlə ac qaldı. Amma ən çətini əzizlərimizi itirməyimiz idi”.
Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə İnönü Universitetinin professoru Sezai Yılmaz bildirib.
“Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin fəxri qonağı olan professor Sezai Yılmaz həmin günlərdə Türkiyənin yanında olan, ilk köməyə gələn Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü çatdırıb. Qonaq həmçinin ATU-da keçirilən “Təbabətin aktual problemləri – 2023” beynəlxalq elmi-praktik konqresinin əhəmiyyətini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.
G.Gəraybəyli qardaş Türkiyənin bu ağır günləri geridə qoyacağına, türk xalqının tezliklə gücünü toplayıb ayağa qalxacağına inandığını söyləyib. O, ATU üçün əlamətdar olan günü paylaşdığına və tədbirdə iştirakına görə həmkarına təşəkkürünü bildirib.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak edirdilər.
Qeyd edək ki, professor Sezai Yılmaz Səhiyyə Nazirliyi və ATU-nun təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri – 2023” konqresi çərçivəsində Bakıda səfərdədir.