“Şəhid övladları üçün Azərbaycandayam. Onlar üçün səhnəyə çıxdım. Çox xoşbəxtəm. Belə bir təklif gələndə heç düşünmədən qəbul etdim”.
Bu sözləri Axşam.az-a açıqlamasında türkiyəli müğənni Petek Dinçöz deyib. Azərbaycana səfər edən sənətçi “Yaşat” Fondu, “ASAN radio” və “ASAN könüllülər” tərəfindən təşkil edilən konsertdə çıxış edib.
Qəhrəmanlarımızın övladları qarşısında çıxış edən Dinçöz təəssüratlarını bölüşüb:
“Nənəmin nəsli Azərbaycandandır. Evimizdə hər zaman “Yandırdın qəlbimi” zümzümə olunurdu. Mən də qərar verdim ki, bu mahnını oxuyum və klip çəkdirim. Emin Musəviyə ("ASAN Radio"nun direktoru - red.) yolladım və bəyəndi. Dedi ki, bizim belə bir layihəmiz var: qəhrəmanlarımızın övladları üçün konsert edirik. Sən də gəl. Qaça-qaça gəldim. Onların oynayacağı, rəqs edəcəyi, üzlərindən gülümsəməni əksik etməyəcək mahnılar seçmişdim. Çox həyəcanlıyam. Mənim də övladım var, 8 yaşındadır. Hamısının bəxti gözəl olsun”.
Petek Dinçöz sözügedən konsertə təmənnasız gəldiyini, heç bir qonorar almadığını bildirib:
“Şəhidlər Xiyabanı”nı ziyarət etdim. Çox acınacaqlı bir mənzərədir: uşaqlar dəfn olunub, insanlar gənc yaşda vəfat edib. Mövzu uşaq olanda, mənim üçün axan sular durulur. Övladım Aslan da qəhrəman övladlarına böyük “salam” göndərib. Sözügedən layihədə çıxış edən ilk əcnəbi müğənniyəm. Bayrağı aldım, digər sənət dostlarıma səslənirəm ki, onlar bunu davam etdirsin".
"Yandırdın qəlbimi" mahnısına çəkdirdiyi klipdən bəhs edən ifaçı "Dedim ki, mən "avatar" kimi bir qadını canlandıracağam. Güclü qadınam, sıxıntılarım oldu, amma indi hər şey gözəldir. Ekran işində rəqs etdim. O, mübarizə aparan qadının rəqsidir. Mənim qəlbim övladım üçün yanır. Bülent Ərsoy mənə "harem" kolleksiyasından aksessuarlar göndərdim" sözlərini deyib.
Petek Xalq artisti Aygün Kazımova ilə görüşməsindən danışıb:
"Moskvada konsertdə bir araya gəldik. O da bir Divadır. Aygün Kazımovaya heyranam. Röya Ayxanı da bəyənirəm. Azərbaycanda musiqi başqa bir səviyyədədir. Çox möhtəşəmdir. Sizin klassik ifaçılarının, dövlət sənətçilərinizin oxuması əladır. Burada gənclərin, uşaqların sevə biləcəyi mahnı axtarıram. Azərbaycandan bir kişi sənətçi ilə mahnı oxuya bilərəm. Buradan səslənirəm, kim mənimlə gözəl bir duet oxuyar".
Dinçöz yenidən aparıcılıq edəcəyini də söyləyib:
"Çıxa biləcəyim bir proqram görmürəm. Hərəkətli, üzücü olmayan, musiqi, ləzzət, moda olacaq bir veriliş edəcəyəm".
Bakı gəzintisindən söz açan ifaçı formada qalmasından da danışıb:
"Heydər Əliyev Mərkəzinə, İçərişəhərə getdim. Bakının görünüşünü çox bəyənirəm.
Formada qalmaq üçün yeyib-içdiyimə diqqət edirəm. Gecə yarısı acıram, deyirəm ki, durum sarımsaqlı qatıqla bir mantı yeyim. Sonra özümü saxlayıram. Azərbaycan mətbəxindən mürəbbələri, şəkərburanı sevirəm. Buradan oğluma milli geyim hədiyyə aparacağam. O, elə hədiyyələri sevir, qiymət bilir".
Zəhra Əhmədova
Video: Ramin Aslanov