Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin Fələstin-İsrail münaqişəsindən sonra oradan köçmək qərarı alıblar.
Axşam.az-ın məlumatına görə, cütlük artıq Kiprdə yaşamaq üçün ev də alıb. Əvvəlcə Qalkin konsert verməyi planlaşdırdığı Kiprə gedib. Onun ardından isə Puqaçova övladları ilə birlikdə sözügedən ölkəyə yollanıb. Alla Borisovna əkizləri ilə birlikdə vəziyyət sakitləşənə qədər uzun müddət Kiprdə məskunlaşmağa hazırlaşır.
Cütlüyün yeni yaşayış yeri kimi Kipri seçməsi təsadüfi deyildi: hələ 2017-ci ildə onlar burada əmlak sahibi olub və investisiya müqabilində bu ölkənin vətəndaşlığını alıblar. Kipr pasportu 167-dən çox ölkəyə sərbəst səyahət etmək və bir neçə Avropa ölkəsində qalmaq imkanı verir.
Puqaçova və Qalkinin dəniz sahilində 2 milyon avroya villa aldıqları barədə şayiələr yayılıb. Üçmərtəbəli malikanənin fotoları Kipr xəbər agentliyi tərəfindən paylaşılıb. Amma evin qiymətinin 2 yox, 10 milyon avro olduğu açıqlanıb. Cütlük evi alan zaman binada tikinti işləri gedirmiş. Hazırda isə onlar hazır mənzillərinin açarlarını ala biliblər.
Puqaçova və Qalkin Limasolda ən bahalı yaşayış kompleksində bir yox, bir neçə mənzil alıb. Bu, Avropada dənizin birinci xəttində yerləşən ən yüksək yaşayış kompleksidir. Onun hündürlüyü 170 metrdir.
37 mərtəbəli bina Limasolun əsas küçələrindən biri olan 28 Oktyabr prospektində, çimərliyə yaxın birinci cərgədə yerləşir. Binanın panoramik pəncərələri dənizə baxır. Binada cəmi 84 mənzil var - hər mərtəbədə üç ev yerləşir. Sahəsi 400 kvadratmetrdən çox olan, bütöv bir mərtəbəni tutan mənzillər və bir neçə mərtəbədə yerləşən çoxmərtəbəli mənzillər də var.
Kompleksin həyətində böyük hovuz, binanın özündə isə yeraltı dayanacaq, idman zalı, cakuzili sauna, hamam, restoran, mağazalar və butiklər var.