Bu gün əməkdar artist Elza Seyidcahanın ad günüdür. Axşam.az-ın məlumatına görə, müğənnini ilk təbrik edən qızı Gülşən olub. O, anasına üzərində ürək sözlərini yazdırdığı diplom bağışlayıb:
“Mən gülərkən gülən, ağlayarkən ağlayan, bizə görə yaşayan gözəl gözlü, mələk üzlü anam... Səni çox sevirəm, təbrik edirəm. Bütün həyatın ürəyinin gözəlliyi kimi keçsin. Yaşa, yarat, uğurlarınla bizi sevindir. Səni təmənnasız, hər şeydən çox sevən Gülşənin”.
Qeyd edək ki, 1968-ci ildə Siyəzən şəhərində anadan olan Elza Seyidcahan 1975-ci ildə həmin şəhərin 1 saylı orta məktəbinə daxil olub, 1977-82-ci illərdə Sumqayıtda 17 saylı orta məktəbdə təhsilini davam etdirib. 1982-87-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb. 2001-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H.Orucovun "Durnalar qayıdanda", İ.Əfəndiyev "Sən mənim dayımsan", Ə.Əylislinin "Bağdada putyovka var", Q.Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H.Əliyevə həsr olunan "Mənim şəhərim" bədii filminə musiqilər bəstələyib. 2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olub. Qırğızıstanda baş tutan "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında I yeri tutub, Türksoyun xüsusi mükafatını alıb. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti olub.