Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, gecədə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova) və solistlər - Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim ediblər.
Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir.