Amerikalı məşhur müğənni Madonna 2023-cü ilin iyununda xəstəxanaya yerləşdiyi müddətdə 48 saat komada qaldığını söylədi.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə Nyu-Yorkdakı konserti zamanı bildirib.
Müğənni o günlərdə baş verənləri xatırlamadığını etiraf etsə də, sağ qalmasına kömək edən insanlara təşəkkür edib. Xüsusilə Madonna onu xəstəxanaya gətirən Şavon adlı dostuna minnətdar olduğunu qeyd edib.
Sənətçi komada olarkən yalnız kabbala müəlliminin səsini eşitdiyini də bildirib.
Qeyd edək ki, iyunun 24-də 64 yaşlı Madonna huşsuz vəziyyətdə tapılaraq Nyu-Yorkdakı xəstəxanaların birinə aparılıb. Müğənninin meneceri Qay Ozeri sosial şəbəkədə ifaçınən ciddi bakterial infeksiyaya yoluxduğunu açıqlamışdı. Sənətçi bir neçə gün reanimasiyada qaldıqdan sonra evə buraxılmışdı.