2023-cü ildə Fransanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən La Zarranın son açıqlaması müzakirə yaradıb.
Axşam.az-ın məlumatına görə, ifaçı İsrailin bu il keçiriləcək müsabiqəyə buraxılmamasını istəyib. O, Ukraynaya qarşı müharibə başladan Rusiyanın yarışmaya buraxılmadığını xatırladaraq, eyni qaydaya əməl edilməsini istədiyini bildirib.
Bu çıxışı dəstəkləyənlərlə yanaşı dəstəkləməyənlər də olub. Belə ki, onlar Zarradan Fələstin-İsrail münaqişəsi ilə bağlı məlumatının olub-olmadığını sual ediblər.
Onun ünvanına "İsrail terror təşkilatı ilə mübarizə aparır", "Yadına sal sən kimsən? Sən özün 16-cı yeri tutdun, səni heç kim xatırlamır", "Siz bu münaqişə ilə bağlı heç nə bilmirsiniz. Ayıb olsun", "Ayıbdır. Bu iki halın əsas fərqi odur ki, Rusiya Ukraynaya hücum edib. Amma HƏMAS terrorçudur, onlar mülki şəxslərə hücum ediblər. Tarixi bilmirsinizsə, xahiş edirəm, boşboğazlıq etməyin", "Ukraynanın Rusiyadan körpələri qaçırdığını, günahsız vətəndaşları qətlə yetirdiyini, işgəncə verdiyini xatırlamıram. Ağılsız insanların axmaq müqayisəsi. İsrailin özünü müdafiə etmək hüququ var və onlar terrorla mübarizə aparır. Çünki Qəzzadakı vəziyyət budur, terror. Bunu görməyənlər isə ora baş çəkə bilərlər" kimi yüzlərlə tənqid dolu şərhlər yazılıb.
Qeyd edək ki, Zarra müsabiqədə 16-cı yerə çıxmışdı.
