Rusiyalı şoumen Maksim Qalkin və reper Oksimiron (əsl adı Miron Fyodorov) konsertlərində verdikləri siyasi bəyanatlara görə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) problemlərlə qarşılaşıblar.
Axşam.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Dubayın Turizm və Kommersiya Marketinq Departamentinin əməkdaşları şoumenin 2023-cü ildə şəhərdəki çıxışının lent yazısını incələdikdən sonra Qalkin 100 min dirhəm (46 min 276 manat) cərimələnib. Cərimələrin məbləği konsertdən əldə olunan gəlir əsasında hesablanıb. Bildirilib ki, komediya ustası əvvəllər çıxışlarından bütün kəskin zarafatları yığışdıracağına söz versə də, sonradan fikrini dəyişib.
Eyni səbəbdən, Oksimiron həm cərimə, həm də BƏƏ-də çıxış etmək qadağası ilə üzləşə bilər. Tənzimləyici orqanın nümayəndələri reperin yanvarın 11-də baş tutan konsertindən tam səs yazısı alıb və onu araşdırıblar. Musiqiçi ölkədə qadağan olunan etnik nifrət və ictimai siyasi bəyanatlara görə yoxlanılır.