Naibə Allahverdiyevanın "Gerçəkləşməyən arzular"ı - Video+Fotolar

Naibə Allahverdiyevanın "Gerçəkləşməyən arzular"ı - Video+Fotolar
1249 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Naibə Allahverdiyeva 60 illik yubileyini bir il sonra təmtəraqlı şəkildə qeyd edib. 

Axşam.az xəbər verir ki, bu münasibətlə Gənc Tamaşaçılar Teatrında tamaşa nümayiş olunub. N.Allahverdiyevanın "Gerçəkləşməyən arzular" adlı gecəsinin rejissor işi Əməkdar artist Nicat Kazımova həvalə edilib. 

Axşam.az kamerası qarşısına keçən 61 yaşlı N.Allahverdiyeva yubileyindən, oynadığı obrazlardan danışıb:

"Heç vaxt yubileyim qeyd olunmayıb. İlk dəfədir teatrımız tərəfindən belə tədbir keçirilir. Təklif teatrın rəhbərliyi tərəfindən edilib. Bütün işin ərsəyə gəlməsində Əməkdar artist Nicat Kazımovun rolu var. Bu, mənim gerçəkləşməyən arzularımdır. Aktrisa və aktyorların arzuları olur. Mənim də gənc yaşlarımda arzum Culyettanı, Kleopatranı oynamaq idi. Hər tamaşdan 15 dəqiqə səhnə nümayiş etdirəcəyəm. Mənim üçün çox çətindir. Çünki bir obrazdan başqasına keçmək üçün 3 dəqiqə vaxtım var. Azərbaycanda ilk dəfə belə bir yubiley keçirilir.

Uilyam Şeksprin "Romeo və Culyetta", "Hamlet", "Antoni və Kleopatra", Cəfər Cabbarlının "Sevil", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşalarından səhnələr canlandırdım".

"Bəs, bu obrazları zamanında oynamağınıza nə mane oldu" sualına aktrisa belə reaksiya verib:

"Çox şeylər mane oldu. Bəzən olur ki, baxırıq tamaşaya, hansısa həmkarımızın obrazında deyirik: mən daha gözəl oynayardım. Əslində "Romeo və Culyetta" tamaşasında rol almışam, amma dayəni oynamışam. 

Aktyor asılı sənətdir. Xaricdə hamı aktyordan, bizdə isə biz rejissordan asılıyıq. Rejissor hansı rolu verirsə, onu da oynayırıq. Kaş 20 il əvvəl Kleopatranı, 25 il əvvəl Culyettanı oynayardım".

N.Allahverdiyeva bildirib ki, ona digər teatrlardan təkliflər gəlsə də, heç vaxt getməyi düşünməyib:

"Akademik Milli Dram Teatrından təklif almışdım, amma öz teatrımızı seçdim. İndi də heç vaxt teatrı dəyişmərəm. Bizim kollektivimiz mehribandır. Gənclik illərimdə o qədər obraz üzərində davalar etmişəm. İstəyimə nail də olmuşam. Çox haqsızlıq görmüşəm. 

Tamaşaçı məni teatrda yox, efirdə izləyib. "Tomka" obrazına görə komediya rollarını yaraşdırırlar. Amma burada mən faciəvi obrazlar oynamışam. Aktyorun ampulası olmamalıdır. Ancaq romantik və ya komediyada oynamamlıyam. Aktyor plastilin kimi olmaldır".

Aktrisa kinoların çəkilməməsindən gileylənib. O, eyni zamanda Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi məsələsinə toxunub:

"Kino üçün heç darıxmıram. Ssenariləri bəyənmirəm. Zamanında gözəl rejissorlarla işləmişəm. Gözəl film olsa, yenə çəkilərəm. İndi film sahəsində inkişaf yoxdur. Amma düşünürəm ki, bundan sonra olacaq. Rasim Balayev kinonu sevir və təcrübəsi var. Başqa kim ola bilərdi? Mən ona görə bu sənətə gəlmişəm. "Nəsimi" filmində onu izləmişdim və vurulmuşdum. Deyirdim, mütləq onunla bir filmə çəkiləcəyəm. Amma alınmadı".

Əməkdar artist Nicat Kazımov "İlk dəfədir bu formatda yubiley keçirilir. Hər bir aktyorun yaradıcılığında ona uğur gətirən obrazları ilə yanaşı, heç oynamadığı, ürəyində olan rollar da olsun. Naibə xanım üçün bunu gerçəkləşdirdik. Bir aktrisanın hansı imkanlara sahib olduğunu göstərəcəyik. Naibə xanımın tərəf müqabilləri teatrımızın aktyorlarıdır. Arzu edirəm ki, Naibə xanım sevdiyi və arzuladığı obrazları oynasın, teatrımıza yaraşıq versin" deyə, həmkarını təbrik edib. 

Zəhra Əhmədova

Video, Fotolar: Orxan Şərəfxanov