Aparıcı-rejissor Sərxan Kərəmoğlu xalq artisti Flora Kərimova ilə birlikdə çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşıb.
Axşam.az-ın məlumatına görə, uzun müddətdir küsülü olan iki məşhurun bir arada görünməsi təəccüb doğurub. Məsələyə aydınlıq gətirən S.Kərəmoğlu əməkdaşımızla söhbətində xalq artisti ilə iki il əvvəl barışdığını bildirib:
“Flora xanımla məclislərin birində qarşılaşdıq, danışıb barışdıq. İndi aramızda heç bir problem yoxdur. Münasibətimiz yaxşıdır”.
Xatırladaq ki, F.Kərimova ilə S.Kərəmoğlu arasındakı qalmaqal bir neçə il bundan əvvəl ATV-də yayımlanan “Xeyir ola” verilişində başlamışdı. Canlı efirdə xalq artistinin danışdıqlarını eşitmək istəməyən Sərxan qulağını salfetlə tutmuşdu və daha da qəzəblənərək F.Kərimovaya sərt davranmışdı. Daha sonra isə aktyor mətbuata açıqlamalarında onun və qızının ünvanına qərəzli sözlər demişdi. Müğənni də qarşı tərəfi məhkəməyə vermişdi.
Qeyd edək ki, Flora Kərimova və Sərxan Kərəmoğlu prodüser Rövşən Cəfərovun oğlunun ad günündə yenidən bir araya gəliblər.