Böyük Britaniya Kralı III Çarlzın tac taxma mərasimindən sonra ilk rəsmi portreti təqdim olunub.
Axşam.az xəbər verir ki, yağlı boya ilə çəkilən portretdə Kralın əynində Uels qvardiyasının forması əksini tapıb. Tabloda həm onun geyimi, həm də arxa fon qırmızı rəngdə olub.
Çarlzın portreti britaniyalı rəssam Conatan Yeo tərəfindən çəkilib. Portretin təqdimatı Bukingem sarayında baş tutub.
Əsər iyunun 14-dək Londondakı “Philip Mold” qalereyasında ictimaiyyətə nümayiş etdiriləcək.
Lakin artıq sosial mediada görüntüləri yayılan portret müzakirələrə səbəb olub. İzləyicilərin çoxu əsərin həddindən artıq qırmızı rəngdə olduğunu bildirib və tənqid ediblər.


