Xəbər verdiyimiz kimi, 31 yaşlı britaniyalı müğənni Liam Peyn Argentinada hotellərdən birinin üçüncü mərtəbəsindən yıxılaraq ölüb.
Axşam.az-ın "BBC"yə istinadən məlumatına görə, hadisədən əvvəl polisə narkotik və ya spirtli içkinin təsiri altında olan bir nəfərin aqressiv davranışı barədə məlumat daxil olub.
Təcili tibbi yardım xidmətinin rəhbəri Alberto Krescenti televiziyaya bildirib ki, yıxılma nəticəsində müğənni çox ciddi xəsarətlər alıb. Hazırda Argentina polisi məsələ ilə bağlı araşdırma aparır.
"Entertainment Tonight" qeyd edir ki, Peyn snəpçatdakı son paylaşımında sevgilisi Keyt Kessidi ilə səhər yeməyi nümayiş etdirərək, “Argentinada gözəl gün” deyə, şərh yazıb.
Maraqlı məqamlardan biri isə odur ki, video sənətçinin ölüm xəbərinin yayılmasından bir saat əvvəl yerləşdirilib. Həmin video daha sonra silinib.
Hadisə ilə bağlı yayılan məlumatlar arasında sevgilisinin Peynə xəyanət etməsi də yer alıb. Belə ki, bu haqda məlumat alan müğənni isterik vəziyyətə düşüb və otağı dağıdıb, mebelləri sındırıb.
Bundan əlavə, Peynin otağında narkotikə bənzər maddələr və onların istifadəsi üçün nəzərdə tutulan avadanlıqların tapıldığı da iddialar arasında yer alıb. Sosial mediada ifaçının hoteldəki otağında qeydə alındığı deyilən qırıq televizor və digər zədə almış əşyaların olduğu fotolar yayılıb.
Hadisə şahidlərinin sözlərinə görə, onlar dava ediblər və Keyt müğənninin ölümündən bir müddət əvvəl Argentinanı tərk edib.
