Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov) Qazaxıstanda keçiriləcək konsertlərini ləğv edib.
Axşam.az xəbər verir ki, bu barədə reper instaqram hesabında paylaşım edib.
“Əziz dostlar, Qazaxıstanda keçirilməsi planlaşdırılan konsertlərimizə gəlməyi düşünən hər kəsə müraciət etmək istəyirəm. Təəssüf ki, bu turneni ya ləğv etməli, ya da gözləməyə hazırsınızsa, təxirə salmalı olduğumu bildirməliyəm.
Səbəb odur ki, yeni doğulmuş qızım əməliyyatdan sonra kritik vəziyyətdədir və bütün gücümü toplamağa çalışsam da, səhnəyə çıxa bilməyəcəyəm. Əlbəttə ki, bu ağır vaxtda mənim dəstəyimə ehtiyacı olan həyat yoldaşımın da yanında olmalıyam.
Anlayış göstərəcəyinizə ümid edirəm və sizdən xahiş edirəm, kim necə bacarırsa, bütün övladlarımızın sağlam olması üçün dua edin” deyə, sənətçi yazıb.