Nyu-Yorkda keçirilən ənənəvi “Beynəlxalq Moda Həftəsi” davam edir.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tədbirdə dünyanın ən məşhur dizaynerlərinin işləri nümayiş olunur. İndiyə kimi moda həftəsində Aleksandr Vang, Lakoste, Altuzarra və başqa dizaynerlərin yeni kolleksiyası sərgilənib.
Bir çox Hollivud ulduzu da bu tədbirin fəal iştirakçısı olub. Moda nümayişlərini öz fərqli libasları ilə bəzəyən tanınmışlardan biri də müğənni Rihannadır. Hər gün rəngarəng geyimlərlə diqqət çəkən R&B ifaçısının seçdiyi aksesuarlar da maraqla qarşılanıb.
Birinci gün ağ və tərzinə görə olduqca qapalı geyinən Rihanna, mətbuat tərəfindən Disney qəhrəmanlarına bənzədilib. Ertəsi gün, qara uzun pencəyin altından sadəcə alt paltar geyinməyə üstünlük verən ulduz qonaqların diqqətini podiumdan çox özünə yönləndirməyi bacarıb.
Qeyd edək ki, Nyu-Yorkda keçirilən moda həftəsi sentyabrın 11-nə qədər davam edəcək.