Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən polo üzrə ikinci dünya kuboku yarışının tədbirləri çərçivəsində konsert proqramıyla çıxış edən məşhur italiyalı müğənni İnqrid proqramdan əvvəl jurnalistlərlə görüşüb.
Axşam.az-ın məlumatına görə, ifaçı media nümayəndələrinin suallarını cavablandırıb. Səmimiliyi ilə seçilən sənətçi bildirib ki, bu, onun Azərbaycana ilk gəlişi deyil:
“İstiqanlı azərbaycanlı kişilərinin arasındayam. Bakıya gələndə çox rahat oluram. Bura darıxdırıcı deyil”.
İnqrid əvvəlki səfərlərində xalq artisti Aygün Kazımova ilə eyni səhnəni bölüşməsini də diqqətə çatdırıb. O, A.Kazımovanın ifasını bəyəndiyini söyləyib. Konfrans zamanı müğənni pişiklərindən də danışıb. İnqridin 16 pişiyi var və səfərlərdə olanda onları anası saxlayır.
Dünya şöhrətli müğənni “Ukraynanın səsi” müsabiqəsinin iştirakçısı, 19 yaşlı Vaqif Nağıyevi çox bəyəndiyini etiraf edib:
“Vaqif azyaşlıdır. Onu çox istəyirəm. Yaşı çox olsaydı, onunla ailə qurardım. Ümumiyyətlə, niyə də qarayanız azərbaycanlı kişisiylə ailə qurmayım?”.
Müğənni Vaqif ilə ifa etdiyi duet haqqında da danışıb. O bildirib ki, “Ümid yağışı” adlanan mahnını Azərbaycan dilində oxuyacaq:
“Mahnını çox bəyəndim. Konsertdə mən fransız dilində, Vaqif isə Azərbaycan dilində ifa etdi. Amma səsyazma studiyasında plana əsasən bəstəni mən Azərbaycan dilində, Vaqif isə ya fransız, ya da ingilis dilində səsləndirəcək. Bəstə gələcəkdə çıxarılacaq albomda da yer alacaq”.
Qeyd edək ki, adıçəkilən mahnının sözləri Alxanlıya, musiqisi Gövhər Həsənzadəyə, aranjimanı isə Yaşar Baxışa məxsusdur.