Millət vəkili Qənirə Paşayeva Ankarada müalicə alan yaralı əsgər Elvini ziyarət edib. Axşam.az-ın məlumatına görə, millət vəkili bu haqda sosial şəbəkədə yazıb:
“Onun nikah şahidi olacağıma söz verdim. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızdan biri olan Elvini ilk dəfə Bakıda Hərbi Qospitalın reanimasiya şöbəsində ziyarət edəndə çox ağır vəziyyətdə idi. Reanimasiyadan çıxanda qapıda xəbər gözləyən əzizlərinə vəziyyətin nə qədər ağır olduğunu bildiyimiz halda, həkimlərlə birlikdə yaxşı olacağını dedik. Dövlətimizin və qardaş Türkiyənin rəsmilərinə təşəkkür edirik ki, ağır vəziyyətdə olan yaralı əsgər və hərbiçilərimizdən bir neçəsinin Ankarada müalicələrini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular. Elvin çox şükür ki, sağalır və inşallah, getdikcə daha da yaxşılaşacaq, qısa zamanda sağalaraq əzizlərini, hamımızı, xüsusilə yolunu gözləyən nişanlısını sevindirəcək. Elvin toya hazırlaşırmış və şükürlər olsun ki, Allah onun arzularının yarımçıq qalmasına imkan vermədi. Onunla geniş söhbət etdik, getdikcə daha da yaxşılaşdığını görüb, çox sevindik. Sağ olsun, həkimlər Elvinin sağalması üçün əllərindən gələni edirlər. Qorxmaz,cəsarətli və vətənpərvər bir qardaşımızı daha yaxından tanımaqdan çox məmnun oldum.Öz istəyi ilə ön cəbhədə qulluq edən Elvinin sağalan kimi yenidən ora qayıtmaq arzusu isə bir çox gəncimiz üçün örnək olmalıdır. Onun həyat yolu maraqlı olduğu qədər, gənclər üçün gözəl bir nümunədir. Elvinlə toydan, nişanlısından da danışdıq. “Toyumda mütləq sizi gözləyəcəm” dedi. Mən də, inşallah, mütləq gəlib sizi təbrik edəcəm söylədim. Sonra nikah şahidliyi dəvəti gəldi və sevərək qəbul etdim. Elvin artıq Türkiyədə onu müalicə edən həkimləri də toyuna çağırıb, onlar da bu dəvəti qəbul ediblər. İnşallah, onu narahat edən qızdırma və iştahasızlıq problemləri də yaxın günlərdə keçib gedər. Dualarınızı Elvin qardaşımız üçün əksik etməyin. İnanıram ki, bizə bu böyük ağrıları yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq”.