Parisdəki Milad yarmarkasında Azərbaycan guşəsi

Parisdəki Milad yarmarkasında Azərbaycan guşəsi
1021 dəfə oxunub
  • A-
  • A
  • A+

Milad bayramı ərəfəsində Fransanın paytaxtında keçirilən ənənəvi yarmarkada Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə təmsil olunur.

Axşam.az-ın məlumatına görə, “Azərbaycan evi “nin sədri Mirvari Fətəliyeva AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycan artıq ikinci ildir ki, bu yarmarkada təmsil olunur. Əsas məqsəd ölkəmizin qədim tarixini, zəngin mədəni dəyələrini parislilərə və şəhərin qonaqlarına tanıtmaqdır.

Keçən il olduğu kimi, bu il də Azərbaycan guşəsi öz zənginliyi ilə diqqəti cəlb edir. Burada Azərbaycan ilə maraqlananlara ölkəmizin tarixinə, mədəniyyətinə, turizm imkanlarına, təbiətinə, zəngin mətbəx nümunələrinə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dair kitablar və broşürlər, milli musiqi nümunələrinin toplandığı disklər təqdim edilir, fransızları və qonaqları maraqlandıran suallara ətraflı cavab verilir.

Eyni zamanda, onlara Azərbaycanda istehsal olunan kəlağayılar, kiçik həcmli xalçalar, mürəbbələr, çaylar, müxtəlif şərab növləri, Novruz bayramında süfrələrimizin bəzəyi olan paxlava və şəkərbura, həmçinin ət və göy qutabları təqdim olunur.

Yarmarka 2015-ci il fevral ayının 4-dək davam edəcək.