Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayeva sayca 10-cu mahnılarını təqdim ediblər.
Axşam.az-ın məlumatına görə, onların birgə ərsəyə gətirdikləri bəstəni bu dəfə müğənni Əkbər oxuyub. Mahnının aranjimanı isə Osman Həmidova məxsusdur.
S.Tofiqqızı bildirib ki, sözləri Q.Paşayevaya, musiqisi özünə aid olan mahnı “Qayıt” adlanır:
“Əkbərin mahnılarını dinləmişdim, səsi xoşuma gəlmişdi. Onun səsində lirik nəğmə çox gözəl alınır. Bir sözlə, Əkbər mahnını özünəməxsus ifa edib. Qənirə xanımla layihəmiz hələ davam edir. Bəstələrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, S.Tofiqqızı və Q.Paşayevanın birgə ərsəyə gətirdikləri mahnıları xalq artistləri Flora Kərimova, Səməd Səmədov, əməkdar artist Fidan Hacıyeva, müğənnilərdən Nadir Qafarzadə, Rəşad İlyasov, Aysel Əlizadə, Aslan Hüseynov, Niyam Səlami səsləndiriblər.