Azərbaycanın məşhur incəsənət nümayəndələrinin bir neçəsi bu yay keçiriləcək İlk Avropa Oyunları üçün Ulduz Elçilər olacaqlar.
Axşam.az xəbər verir ki, Muğam Mərkəzində keçirilən təqdimat tədbirində musiqi, televiziya və incəsənət dünyasından 13 nəfər ulduzun adı açıqlanıb.
Sözügedən tanınmışların sırasına müğənnilər Tünzalə Ağayeva Röya, Eldar Qasımov, Nigar Camal, Miri Yusif, aktyorlar Bəhram Bağırzadə, Rafael İsgəndərov, Coşqun Rəhimov, Tahir və Cabir İmanov qardaşları, aparıcılar Murad Dadaşov, İlkin Həsəni və musiqiçilərdən DJ Shock daxildir.
Gənclər və idman naziri və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov deyib:
“Əminəm ki, bizim Ulduz Elçilərimiz azərbaycanlı gənclər arasında böyük həyəcan yaradacaq və daha çox insanı oyunlara cəlb edəcək”.
Adı çəkilən proqram Ulduz Elçilərin iyunun12-də başlayacaq idman tədbiri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə “Bakı 2015” Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.
İştirakçılar “Bakı 2015”in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkarları arasında oyunların təbliğ olunmasına kömək göstərəcəklər.
Təqdimat tədbirində çıxış edən əməkdar artist Tünzalə Ağayeva hər kəsə minnətdarlıq edib:
“Bizə şərəfli missiya verdiyiniz üçün təşəkkür edirəm. Sənətçilər adından söz verirəm ki, bu işin öhdəsindən layiqincə gələcəyik. İyunda Azərbaycan bütün Avropanın zövq alacağı unudulmaz bir şou nümayiş etdirəcək. “Bakı 2015”ə qatılmaq üçün insanları ruhlandırmağa çalışacağam və ölkəmiz üçün tarix yazılmasında iştirak edəcəyəm”.
Xatırladaq ki, “Bakı 2015” Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.
Foto: Rəşad ABBASOV