Üç yaşında iki ayağını itirən İmran Cəfərzadə Zaur Kamalın “5/5” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, İmran proqrama uzun müddətdir Almaniyada müalicə alan və bir neçə gün əvvəl vətənə qayıdan aparıcı Hacı Nuranla birlikdə gəlib. H.Nuran İmranın artıq gəzə bildiyini söyləyib:
“İmranın ailəsi ilə Almaniyada tanış olduq. Məni görməyə gəlmişdilər. Artıq İmran yeriyə bilir. 18 yaşına kimi müalicə alacaq, həkim nəzarətində olacaq”.
Xatırladaq ki, İmran Cəfərzadə 3 yaşında olarkən bir ayağını tam, ikincisini isə qismən itirib. Uşaq 2013-cü il, iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb. Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlığı olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.