Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fevralın 10-da xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndə ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən M.Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Topluda ustad xanəndənin uşaqlıq və gənclik illəri, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti bildirib ki, alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.
Azərbaycanın birinci xanımı Ə.Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.
Xalq artisti Əlibaba Məmmədov ona göstərilən diqqət və qayğıya görə birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xanəndə qeyd edib ki, M.Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür.
Mənbə: AzərTac