Modelyer Leyla Əhmədova publika.az saytına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir.
- Leyla xanım, Aygün Kazımovanın konsertində geyindiyi maraqlı şlyapalar, geyim nümunələri pafosdan uzaq, tam səmimi dillə desək, maraq, təəccüb doğururdu. Səhv etmirəmsə, Azərbaycanın ilk modelyerisiniz.
- Yox, səhv etmirsiniz. 1999-2000-ci ilə qədər şou- biznesin yüksəliş dövrünü yaşayan şəxslərlə işləyirdim. O vaxt moda anlayışı kütləvi deyildi. Mən instituta daxil olan il moda fakultəsi açılmışdı. Çox xoşbəxtəm ki, ilk addımlarda mənim də adım var. Qalateya, Lalə xanım kimi insanlara ünsiyyətdə idim, birlikdə çalışırdıq. Düzdür, iki ildən sonra onlar şəxsi səbəblərə görə moda evini bağladılar. Moda evi açmısansa, bu işin içində olmalısan. Atelye şəklində işləmək, sifariş götürmək moda evi demək deyil. Modelyer müxtəlif festivallarda iştirak edib diplom almalıdır.
- Məşhurların əksəriyyəti uşaqlıqdan güzgü önündə “geniş publika qarşısında çıxış edib”. Siz də məşhur olmaq üçün bu sənəti seçmişdiniz, yoxsa sadəcə fərqlənirdiniz?
- Hər ikisi vardı. Həm məşhur olmaq istəyirdim, həm də də çox seçilirdim. Orta məktəbdə hələ 4-cü sinifdə oxuyanda hamı geyimimə baxırdı, uşaqlar forma geyinirdi. Mən 5-ci sinifdə qırmızı qalstukdan imtina etdim. Məktəbin direktoru soruşanda dedim ki, mənə yaraşmır. Çox dəcəl idim. O qədər dəcəl idim ki, heç kim mənimlə bacarmırdı. Lakin incəsənətə aid olan bütün proqramlarda həmişə birinci idim, gözəl rəsmlər çəkirdim. 10 yaşım olanda qərar vermişdim ki, modelyer olacağam. Uşaqlar deyirdilər ki, o nədir, ancaq səndən belə sözlər çıxar. Rusiya kanalında “Proqram vremeni” verilişində Zaytsevi izləmişdim və çox maraq doğurmuşdu. Anamdan soruşdum ki, o nədir? Anam da məni başa salmağa başladı. O qədər xoşuma gəldi ki, dedim mən modelyer olacağam.
- İlk dəfə nə hazırlamışdınız?
- O qədər şeylər eləmişəm ki... Nənəm başa salırdı, tikmə öyrədirdi, bunu belə et, onu elə et... Bacıma, dostlarıma, öz gəlinciyimə, qonşu qızlarına... Nə bilim, hamıya nəsə tikirdim. Evin içində olan pərdələrə qədər tikmişəm. Olub ki, anam səhər tezdən işə gedib, mən mətbəxin pərdəsini söküb tikmişəm, hələ bir üstünə də dekor etmişəm. Anam evə gələndə gəlib görüb ki, mətbəx başqa cürdü. Danlamayıb, əksinə əl işimi bəyənib. Evin mebellərinə qədər yarım ildən bir dəyişirdim. O vaxt anam Moskvadan gözəl ipək pərdələr gətirirdi, açıb mütləq onları dəyişirdim. Öz qonaq otağımın pərdəsini bir neçə dəfə cürbəcür şəklə salmışam. İndi yadıma düşəndə gülməyim gəlir.
- Siz varlı ailənin övladısınız. Təbii ki, elə ailələr övladlarını standart peşədə görmək istəyir - müəllim, ya da həkim kimi... Modelyerliyi bir hobbi, əyləncə kimi qəbul elədilər, yoxsa sənət sahəsi kimi qarşılayırdılar?
- İnanın, stereotipləri qırmaq çox çətin idi. Atam Sovet İttifaqının dağıldığı dövrdə Azərbaycanda məşhur olan ilk biznesmenlərdən idi. Ailəmiz həkimlər ailəsi idi, genetik olaraq rəssamlar da var. Ulu nənəmin qardaşları gözəl rəsmlər çəkib. Mən də uşaqlıqdan çox gözəl rəsmlər çəkirdim. Atam da şəkillərimə baxdıqca etiraz edib ki, yox qətiyyən olmaz, Leylanın incəsənəti seçməyinə icazə vermirəm. O qədər qarşı idi ki, mən başqa ölkədə instituta qəbul olundum. Atamın qorxusundan anamla qaçdıq Sankt-Peterburqa...Leninqradda instituta girib qayıdanda anam tələbə biletimi atama göstərib demişdi ki, gecdi, o öz sevdiyi sənəti seçib. Atam çox təəccüblənmişdi. Bu necə, nə vaxt olub? Biz də ki, atama demişdik ki, guya ki gəzməyə gedirik. Leninqradda yarım il oxudum, uşaqlıqdan soyuğa qarşı allergiyam var idi, orada daha da kəskinləşdi. Buna görə də, Bakıda İncəsənət İnstitutunda davam etdirməli oldum. İndiyədək təəssüf edirəm. Mən gələndə artıq atam seçimimi qəbul etmiş vəziyyətdə idi. Sonradan sərgilərimdə iştirak edəndə, əl işlərimi görəndə atamın ürəyi yumşaldı. Sonuncu kursda olanda atam və anam qərara gəldi ki, moda evi açsınlar və bu işlə ciddi məşğul olum. O vaxtdan bu vaxtadək sənətimlə məşğulam.
- Sizin dinə gəlişiniz və hicaba bürünməyiniz də o vaxtlar üçün gözlənilməz idi. Çünki din bu qədər kütləvi yayılmamışdı.
- Mən əvvəllər geyimdə və düşüncədə olduqca sərbəst idim. Qısa, açıq-saçıq geyinən və hər zaman lider olan insan olmuşam. “Mən”, “mən” sözü leksikonumda olmasa da, işlərimdə olub. “Fashion TV”dən tutmuş, İtaliya, Yaponiya, Cənubi Qafqaz ölkələrində keçirilən müsabiqələrdə festivallarda birinci olmuşam. 10 il əvvəl arzuladığım hər şeyi edəndən sonra öz-özümə dedim, yaxşı Leyla, bunlar hamısı oldu, bəs sonra? Vaxt var idi, 1998-də “Fashion Tv”ni görəndə arzu edirdim, nə vaxtsa mən orada olacağam? Və düz bir il sonra “Fashion of the world” festivalı keçirilirdi, Səbinə Hüseyn, Qalatey, mən, Faiq Ağayev hamımız birlikdə o festivalda iştirak etmək üçün yollanmışdıq. Orada məni diplomla təltifləndirdilər və 6 ay geyimlərimi “Fashion TV” nin efir proqramına əlavə etdilər. Bundan başqa hər il orada iştirak etmək üçün dəvət aldım. MDB ölkələrindən mükafatı mən aldım.
- Bəs sizinlə gələn modelyerlərdən biri hər hansı mükafata layiq görülmədi?
- Mükafatı təkcə mən qazanmışdım. Hətta Gürcüstandan qalib seçilməmişdi. Hətta gürcüstanlı modelyerlər ölkələrində çox pis tənqid olunmuşdu ki, necə ola bilər ki, sizdə belə bir göstərici olmur? Festivalda kolleksiyalar ayaqüstü alqışlanmışdı. 2000-dən artıq kolleksiyam “Fashion TV”də düz 3 il nümayiş olundu. Çox xoşbəxtəm ki, hər yerdən əlidolu gəlirdim. Anam da hər yerdə yanımda olurdu. Hər dəfə də təskinlik verirdi ki, sən özünə əminsən, bu dəfə də uğurlu olacaqsan. Lakin düşündüm ki, bu keçici həyat uğurlarıdır. Gəldi-gedər həyat sevincləridir. Əsas olan Allaha ibadətdir. ən birinci uğur Allaha tabe olub, səcdəyə getməkdir. Təbii ki, incəsənətdə qaldım. O da Allahın istəyi idi. Ətrafımda hamı üzümə qayıtdı ki, sən neynirsən? Niyə qapanırsan? Sən təmsilçisən, modelyersən. Heç kimi dinləmədim. Əvvəlki kimi işimə davam etdim.
- Mən də ibadət əhliyəm, lakin müasir şəkildə qapanmaq üçün din adamlarına müraciət etdikdə o şəkildə qapanmağın yasağını almışam.
- Düzdür, mən müasir şəkildə qapanmışam. Namazım, orucum, ibadətim yerindədir. Müasir həyatı yaşayırıq. Allah bizə inkişaf etməyə imkan veribsə, bu da Allahın istəyidir.
- Bu şəkildə geyinməyin labüdlüyü barədə din adamları ilə özünüz maraqlanmısınız? Mənə başa saldıqlar ki, hicab sözünün mənası örtük deməkdir...
- Örtüldük sonra? “Qurani- Kərim”də harada qeyd olunub ki, qara rəngdə örtük geyinilməlidir. Bəli, ayıb yerlər örtülməlidir. Allaha xoş getməyən insanlar olsa idik, İslam inkişafda olmazdı. Şəxsən mən yuxuda əmr almışam. Mənə deyiblər sabahdan sən başqa Leyla olacaqsan. Məhəmməd Peyğəmbərin (s.a. v) həyat yoldaşı Xədicə xanım biznes-ledi olub.
- Özünüzə geyiminizlə bağlı iradlar yönəlirmi?
- Bəli. Amma fikir vermirəm, onlar özü də bir şeytan əməlidir ki, ağlımı qarışdırsın. Ay başına papaq geyindin, ay şalvar geyindim. Mən belə geyinirəm və zamanı gələndə Allah qarşısında özüm cavab verəcəyəm. Öz həyatımda, şəxsi yaşayışımda, ailə, balalarıma hörmət bəsləməklə cavab verəcəyəm. O qədər qaraya bürünüb şər-böhtan atanlar, günah içində olanlar görmüşəm ki... O qədər başı açıq imanlı insanlar var ki... Nə olsun ki? Vaxtı gələndə onlar da imanlarında kamilləşəcəklər.
- İman əhli olub şou-biznesin içində olmaq, günahkarlarla ünsiyyətdə olmaq o qədər də xoş deyil. Siz bu cür əməkdaşlıqlarda özünüzü necə hiss edirsiniz?
- O günühkar sabah elə bir mömin ola bilər ki... Allahın əlindədir... Özümdə baş verən bir hal. Mən müasir, qısa geyinən idim, birdən qapandım. Kim indi haqqımda nə deyir –desin... Vaxtlı-vaxtında Allahımla ünsiyyətdəyəm. Niyə efirə çıxmamalı, Allahın salamını verməməliyəm? “Facebook”da elə şərhlər yazırdılar ki, artıq dözməyib şərh bölümünü də bağladım. Əgər bu qədər ciddi müsəlman xanımsınızsa, gecənin bir aləmində başqasının “Facebook” profilində gəzişirsiniz... Sizə cavab verəcəyəm? Özüm bilərəm, Allahım bilər! Hansı insan başqasının o dünyada günahlarını yuyacaq? İslam Ərəb ölkələrinə gəlmədən uzun örtük ərəblərin geyimi idi. İstidən qorunmaq üçün qadınlar da, kişilər də uzun əba geyinirdilər. Onda bizim Azərbaycanda da kişilər uzun əba geyinib gəzsinlər. Saqqal uzadıb məsciddən çıxmasınlar... Olmur axı... İnsan hansı mühitdə yaşayırsa, ora uyğun da davranır, düşünür.
- Özünüzdə sevmədiyiniz, hansı xüsusiyyətləri tərgitmisiniz?
- Əvvəla, onu deyim ki, radikal İslama qarşıyam. Peyğəmbərə sual edirlər ki, bu qədər günah edən insanlara Allah necə dözür? Allah mələklərdən nida göndərir ki, hər günaha cəza versəm, onda gərək dünya boş qala... Günahsız insan yoxdur. Özüm Hacı xanımam. Məkkəni ziyarət etmişəm. Orda həyat başqadır. Bizdə isə həyat tam başqadır. Qaynar həyat, efir musiqi dolu, hər cür geyinən insanlar, reklamlar pornoqrafiya qoxusu saçır... Bu zamanda, belə bir çətin vaxta iman sahibi olmaq asan deyil. Şükür ki, belə bir vaxtda iman sahibiyəm. Allah istədiyi insana hidayət verir. Hər şey Allahın əlindədir. Mənim çalmalı, papaqlı olmağımda da demək ki, Allahın razılığı var...
- Övladlarınız İslamı hansı şəkildə qavrayır? Onlara təsiriniz olubmu?
- Bu barədə onlara təsirim yoxdur. Onların görürlər ki, anaları, ataları ibadətdədir. Balacalar hətta ətrafımızda fırlanıb nə isə etməyə çalışırlar. Uşaqlarımı çox göz önündə saxlamıram. Böyük qızım 18 yaşındadır, “Facebook”da şəklini qoyanda narazı oluram. Hər şeyi öz vaxtı var, inşaAllah. Əlhəmdüllah,10 işçimin 7-si namaz qılır. Qadın kollektividir, vaxtlı-vaxtında orucumuzu tutub, namazımızı qılırıq. Onu olmaz, bunu olmaz demirəm. Nə qədər yumşaq, gözəl İslamı təbliğ etsən, bir o qədər də müsəlman çoxalar.
- Modelyerlər çoxalıb. Çoxu da zövqsüz dərzidir. Mənimlə razısınız? Yoxsa onların sırasında qəbul etdiyiniz adlar var?
- Bu işdə medianın da suçu var. Jurnalistika bərbad vəziyyətdədir. Çox az hallarda müsahibə verirəm. Əvvəllər maraqlı jurnalistlər, maraqlı söhbətlər vardı. Mən Aynur Hacıyeva, Coker görmüşəm. Yeni nəsil jurnalistləri tanımıram, danışanda da əsəbiləşirəm. Dediklərin bir yanda, yazdıqları bir başqa... Ona görə də demək olar ki, müsahibə vermirəm...Bizim sahəmizdə də belə vəziyyət yaşanır... Zövqsüzlük məsələsində sizinlə razıyam. Hansısa jurnalı açıb, ordan geyim nümunəsini götürüb kopya etmək çox pis haldır. O geyimləri müsabiqələrdə, festivallarda da nümayiş oluna bilməz... Düz 8 ildir ki, geyim kolleksiyası üzərində işləyirəm. İnşaAllah Milanda nümayiş etdirməyi düşünürəm. Kopyalamaq da bir sənətdir. Bacarana can qurban, edirlər, tikirlər satırlar. Onları mən tənqid edə bilmərəm, siz jurnalistlər araşdırmalısınız. Vaxt var idi, moda evi açanda haqqımda yazdılar ki, biznesmen Saday Əhmədovun qızı moda evinin açılışını etdi. Lakin çalışdım və az adımla, zəhmətimlə Leyla Əhmədova kimi tanındım...