Azərbaycanın tanınmış müğənnisi, estrada ulduzu Röya Ayxanın Qəbələ konserti baş tutub.
Axşam.az-ın Lent.az-a istinadən məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə Qafqaz Resort Hoteldə gerçəkləşən konserti aparıcı Nanə Ağamalıyeva açıq elan edib.
Aparıcı ilk olaraq səhnəyə meyxanaçı Vüqarı dəvət edib. Meyxanaçı öz növbəsində “Qəbələ”, “Ata, sən özün cavan olmamısanmı?”, “Azərbaycan” adlı musiqi parçalarını ifa edərək, sonra yerini Röyaya verib.
Müğənnin səhnəyə gəlişi sözün əsil mənasında gecəyə rəng qatıb. Fanatlarının alqışları və “Röya!”, “Röya!” sədaları ilə səhnə alan müğənni ən sevilən mahnılarını ard-arda düzüb.
Konsert bitər bitməz öz pərəstişkarları ilə şəkil çəkdirib avtoqraf verən müğənni yerini DJ Cinaya buraxaraq, çıxışını başa vurub.
Daha sonra müğənni konsertlə bağlı təəssüratlarını bölüşüb: “Bu gün Bakıdan gələn pərəstişkarlarıma, ümumilikdə bütün sevənlərimlə əla bir gecə yaşadığımızı düşünürəm. Ümumilikdə hər şeydən razıyam. Məhz buna görə də ilk növbədə təşkilatçı Nahid Emiloğluya və komandama təşəkkürümü bildirirəm. Bu cür konsertlərimizin ardı olacaq”.