"O kimdir ki, yoldaşım haqda nəsə desin" - Ədalət Şükürov

"O kimdir ki, yoldaşım haqda nəsə desin" - Ədalət Şükürov
18903 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az əməkdar artist Ədalət Şükürovun Lent.az-a müsahibəsini təqdim edir:
 
- Ədalət bəy, işləriniz necə gedir?

- Belə deyək, sentyabrın 22-nə qədər yaxşı olacaq. Ondan sonra isə toylar olmadığına görə dincələ bilirik. Həmin vaxtdan istifadə edib yeni mahnılar yazdıracağam.
 
- Yaradıcılığınızda nə kimi dəyişikliklər var?


- Demək olar ki, hər gün studiyadayıq. Yeni mahnılar üzərində işləyirəm. Bundan başqa, dövlət tədbirlərinə dəvət olunuram.



- Ədalət Şükürov şou-biznesi necə analiz edərdi?

- Yaxşı ki, bizim ölkədə incəsənət adamlarına maraq artıb. Yaxşı ki, el şənliklərimiz var. Çünki oradan qazandığımız pulları yaradıcılığımıza yatıra bilirik. Azərbaycanda Rusiyaya baxanda diskoteka mədəniyyəti elə də yüksək səviyyədə deyil.  Bizdə Türkiyə ilə müqayisədə konsert mədəniyyəti də elə yüksək səviyyədə deyil. Bizdə yalnız toy var. Yeganə xalqıq ki, toya ciddi yanaşırıq. Başqa ölkələrdə elə də ciddi yanaşma yoxdur. Elə ölkələr də var ki, qazanc yerləri yoxdur. Bilmirlər ki, haradan qazansınlar ki, sənətlərinə qoysunlar.  Azərbaycanda müğənnilər ilin yalnız 6 ayı toya gedir.
 
- Toydan başqa gəlir yeriniz varmı?

- Mənim toydan başqa gəlir yerim, biznesim yoxdur. Mənə çox deyirlər ki, sizin başqa bir biznesinizin olduğunu eşitmişik. Guya avtosalonum, dükanım, qızıl işi ilə məşğul olan biznesim var. Bütün bunlar yalandı. Yeganə gəlir yerim toylardı. Şirkətlərin birində mənimlə Murad Dadaşovun adı hallanırdı. Biz də buna etiraz olaraq aidiyyəti orqanlara müraciət etdik.
 
- Bu günə qədər müğənnilikdən əlavə başqa bizneslə məşğul olmamısınız?

- Ömür boyu bizneslə məşğul olmuşam. Mən bizneslə məşğul olanda bəlkə də Azərbaycanda biznes elə də yüksək səviyyədə deyildi. Bu 1990-1991-ci illərə təsadüf edirdi. O bizneslə məşğul oldum, sonra nəsə alınmadı, Azərbaycana qayıtmalı oldum. Azərbaycanda səyahət turizmi ilə  məşğul olan şirkətim var idi. Ancaq artıq 8 ildir, fəaliyyət göstərmir. Yəni həmin şirkət mənim adımdan çıxdı və başqa adama satıldı. Bir dənə də aptekim var idi, onu da 7-8 il öncə bağladıq.



- Yenidən biznes qurmaq fikriniz varmı?

- Çox istərdim ki, yenidən biznes qurum. Çünki bunun üçün məndə potensial var. Yəni biznesin nə olduğunu, necə idarə olunmasını bilirəm. Çox böyük, ciddi bir biznes olsa işləyərəm. Niyə də yox?! Artıq biznes təklifləri də alıram. Məsələn mal-qarayla bağlı. Xaricdən Azərbaycana gətirmək. Bundan başqa balıq biznesi ilə bağlı da təkliflər alıram. Böyük bir ferma tikmək və bu biznesi genişləndirmək. Bütün bunlar barədə hələ düşünürəm. Reallaşdırmaq üçün yaxşı pul lazımdır. Ən əsası, beyin işləyir.
 
- Şou-biznesdə “Ən varlı müğənni” siyahısı açıqlananda sizin adınız o sıralamada 1-2-ci yerlərdə olur.

- Kiminə nisbətən varlı, kimin nisbətən də kasıbam. Əgər mənim 2 evim, 1 bağım, 2 avtomobilimin olmasını varlılıq sayırsınızsa,  deməli varlıyam. Yəni şou aləmində məndən də varlıları var. Amma adlarını açıqlamaq istəmirəm. İndi heç kimi bağ, ev, maşınlarınla təəccübləndirə bilməzsən. Əvvəllər bu, mümkün idi. İnsanın maşınına görə hörmət edirdilər. 
 
- Açıqlama vermişdiniz ki, indi bir çox müğənnilər səsləri, geyimləri ilə bir-birinə oxşayırlar...

- Məsələn harada olduğunuzdan asılı olmayaraq İlqar Muradov oxuyanda bilirsiniz ki, bu, İlqar Muradovdur. Çünki o, öz tərzində oxuyur. Röya da oxuyanda bilinir ki, bu, Röyadır. Eyyub Yaqubov da. Cavan müğənnilərimizin əksəriyyətinin səsi bir-birinə oxşayır. Məsələn, türk filmlərinə baxıb, mahnılarına qulaq asıb onların boğazlarını edirlər. Hətta saç düzümlərini, geyimlərini də onlara bənzədirlər. Əvvəllər belə şeylər yox idi. 1-2 telekanalımız var idi. İndi yeni çıxanlar türk kanallarına baxırlar, orda gördüklərini təkrarlayırlar. 30 yaşınacan olan müğənnilərimizin hamısı bir-birinə oxşayır.



- Sizin ifaçılığınızla bağlı tənqidlər də mövcuddur. Necə münasibət bildirirsiniz?

- Ədalət Şükürov hər kəsin xoşuna gələ bilməz. Biri var təhqir, biri də var tənqid.
Hansısa mahnının sözünü düz oxumasam, tənqid edə bilərlər. Biri də var ki, “İnstagram”da mahnı paylaşanda yazırlar ki, bu nə oxumaqdı?! Bu, düzgün deyil. Ona görə də biz məşhurlar övladlarımızın, evimizin şəklini çox da paylaşmırıq. Mən istəmirəm ki, tanımadığım bir adam mənim övladlarımla, yoldaşımla olan şəklimin altından nəsə yazsın. Ümumiyyətlə, tanımadığım biri həyat yoldaşım və övladlarım haqqında nəsə deyə bilər? O kimdir ki, mənim ailəm haqqında nəsə deyir? Müğənni var ki, bizdən yaxşı oxuyur, amma toyları yoxdur. Əgər bu günə qədər toya, konsertə tələbatım varsa, deməli mən yaxşı oxuyuram. Əgər məni müəyyən məbləğ müqabilində toya çağırırlarsa, deməli ona dəyərəm.

- Ədalət Şükürov necə ata və necə ailə başçısıdır?

- Allah hər kəsə valideyn olmağı nəsib etsin. Əgər valideynsənsə, kişi kimi bunu icra eləməlisən. Hər şalvar geyinən kişi deyil. Ailə başçısısansa, o ailəni saxlamalısan. Kişilər qadınlara nisbətən çox zəif olurlar. Qadınlar dözdüyü ağrıya kişilər dözə bilməz. Onlarda susuz qalmağa, övlad dünyaya gətirməyə dözüm var, bizdə yoxdur. Amma buna
baxmayaraq, qadın da kişinin qaldırdığı yükü qaldıra bilməz. Qızım ali məktəbi bitirib, şirkətlərin birində işləyir. Oğlum isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  3-cü kursundadır. Xarici dilləri bilirlər. Bundan başqa öz danışıqlarını, duruşlarını bilirlər. Fəxr edirəm ki, belə övladlarım var.
 
- Övladlarınızın peşə seçimində müdaxiləniz olubmu?

- Yox, mən heç vaxt onlara deməmişəm ki, məsələn, mütləq həkim olmalısan və yaxud müğənni. Onu da deyim ki, mənim oğlum, qızım məktəbdə oxuyanda yoldaşları bilmirdilər ki, onlar mənim uşaqlarımdı. Elə indi də belədir. Məsələn, qızım Xarici Dillər Universitetini bitirdi, bitirəndə bildilər ki, mənim qızımdır. Həyat yoldaşım da İqtisad Universitetində müəllimə işləyəndə bilmədilər ki, o, mənim xanımımdır. Yəni bizim ailədə heç vaxt addan istifadə olmayıb. Oğluma da, qızıma da demişəm ki, öz adınızdan istifadə edin. Mənim adımdan yox. Öncə siz öz işinizi göstərin, sonda mən ata olaraq dayaq olaram. Uşaqlarım balaca olanda onlarla oynamışam, böyüyəndən sonra isə onlara ciddi yanaşmışam. Heç vaxt uşağı əlimdə götürüb oynatmamışam. Uşağa “Ay sənə quzu kəsim” sözünü də deməmişəm. Kişi xeylağına uşağı çox oynatmağı, şirin söz deməyi məsləhət görmürəm. Xoş sözü uşağa yalnız anası deməlidi. İndi bir çoxu məni qınayacaq. Ana bəri başdan deməlidir ki, atan işdən gəldi, özünüzü yığışdırın. Mən çox şadam ki, belə ata olmuşam. Uşaqlarım da məni çox istəyirlər.
 
- Fikrinizcə, kişi müğənninin səhnə geyimi necə olmalıdır?

- Səhnəylə adi həyat geyimi fərqli olmalıdır. Gündəlik həyat tərzində ciddi geyim geyinsək, gülməli görünər. Səhnəyə hörmətlə yanaşmaq lazımdı. Kişi kişi kimi, qadın da qadın kimi geyinməlidir. Mən, Baloğlan Əşrəfov və bizim kimi 1-2 müğənni telekanala çəkilişə gələn zaman özümüzlə paltar götürürük. Yəni səhnə geyimimiz hər zaman maşında olur. Efirə çıxanda da geyimimizi dəyişirik. Bu, mənim səhnəyə böyük hörmətimdir. Çünki bizə milyonlar, analar, atalar, övladlar baxır. Uşaqlar baxır, deyir ki, Ədalət əmi belə dedi, belə geyindi... Yəni hər bir hərəkətimizlə nümunə olduğumuza görə hər addımımıza diqqətlə yanaşmalıyıq. Qızım balaca olanda televizora baxırdıq, efirdə bir qadın müğənni oxuyurdu. Qızıma dedim ki, get o biri otağa. Çünki istəmədim ki, efirdə hansısa xanım müğənni oxuyan yerdə qızım onu görsün. Çünki o balacadı, böyüyəndə deyə bilər ki, mən də o paltardan istəyirəm.
 
- Kişi müğənnilərin plastik əməliyyat etdirməsinə münasibətiniz?

- Plastik əməliyyat estetik cəhətdən normaldır. Məsələn, hansısa müğənnin burnu eybəcərdirsə, qulağı şəlpədirsə, əməliyyat etdirə bilər. Allah hər birimizi ideal və yaxud gözəl yaratmayıb ki... Yaraşıqlı olmayanlar da var. Birinin qulağı şəlpədir. Kompleksi yoxdur, digərinin var.