İfasında dil qüsuru olan və olmayan müğənnilər - Siyahı

İfasında dil qüsuru olan və olmayan müğənnilər - Siyahı
3481 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva "Report"a  müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Sevinc xanım, müğənnilərin ifası ilə bağlı monitorinqə nə vaxtdan etibarən başlanılıb?

- Müğənnilərin ifası ilə bağlı monitorinqlərimizə 2018-ci ilin əvvəllərindən başlanılıb. Oktyabr ayının 19-da "Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi"  adlı konfrans keçirildi və orada "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi" mövzusunda məruzə ilə monitorinqimizin nəticələrini ictimaiyyətə açıqladıq.

İlin əvvəlində belə bir monitorinqə başlayacağımızı elan edəndə, bu məsələ ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı, sanki illərdir hamı bunu gözləyirmiş. Biz monitorinqi hansısa bir ifaçının ifa tərzini, sənətini, yaradıcılığını şübhə altına almaq məqsədi ilə aparmırıq, məqsəd digər sahələrdə olduğu kimi müğənnilərin ifa tərzində ədəbi dil normalarını gözləməsidir.

Monitorinq şöbəsi 2013-cü ildən yaranıb. Yarandığı dövrdən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş maddələrə uyğun olaraq fəaliyyətini davam etdirir. Bir çox sahələrdə ədəbi dil normalarının gözlənilməsi məsələsi maddələrdə yer alır. Harada düzgün olmayan söz, yazı, danışıq varsa, biz həmin məsələlərə ciddi nəzarətlə yanaşıb, mütəxəssis kimi tövsiyyə və təkliflərimizi veririk.

Hətta Monitorinq şöbəsi yaranmamışdan əvvəl də 2011-ci ildən Dilçilik İnstitutu bu işlə məşğul olub. Sevindirici haldır ki, son illərdə kütləvi informasiya vasitələrinin dilində vəziyyət xeyli yaxşılaşıb, böyük irəliləyiş var. Son dövrdə, xüsusən telekanallarda ədəbi dillə bağlı vəziyyət müsbətə doğru dəyişib.

- Oktyabr ayının 19-da keçirilən "Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının gözlənilməsi"  adlı konfransdan sonra bəzi etirazlar oldu. Sizcə, narazılıqların səbəbi nədir?

- Konfransdan sonra bir sıra müğənnilər etiraz etdi, monitoriqlərimizin nəticələri düzgün qarşılanmadı. Dəfələrlə bildirmişik ki, apardığımız monitorinqin məqsədi müğənnilərin ifasındakı ədəbi dil normalarının gözlənilməsidir, yalnız ifalarındakı..! Dünən ATV kanalında yayımlanan verilişlərdən birində sevilən müğənnimiz Elnarə Abdullayevanın çıxışından anlaşılır ki, bizim monitorinqimizin mahiyyətini başa düşməyib, onlar danışıqla ifanı səhv salıblar, biz ifanın üzərində monitorinq aparmışıq. Hər kəs müəyyən bölgəyə məxsusdur, o yerin də dil xüsusiyyətini daşıyır, danışıqda bunun hiss olunması təbiidir. Bizim monitorinqin mövzusu olmasa da, onu da qeyd edim ki, ictimai xadimləri, müğənniləri onlarla, yüzlərlə, minlərlə tamaşaçı dinləyir, onlar hər bir halları ilə nümunə olmalıdırlar. Danışıqları da ədəbi dil normalarına uyğun tənzimlənməlidir, çünki onlar eyni zamanda dili təbliğ və tərənnüm edir, bu, tamaşaçıya düzgün çatdırılmalıdır. Amma müğənnilərin danışığı bizim monitorinqin obyekti olmayıb.

Məsələ odur ki, danışığında, ifasında qüsur olan müğənnilərin tələbələri də eyni səhvi təkrarlayırlar. Bizim əlimizdə tələbələrin öz müəllimlərinin səhvlərini eyni ilə təkrar etməsi ilə bağlı faktlar da var.

- Konfransa müğənniləri dəvət etmişdinizmi?

- Bakı Musiqi Akademiyasına və Azərbaycan Milli Konservatoriyasına rəsmi dəvətlər göndərilmişdi. Bəzi musiqi verilişlərinin aparıcılarını və müğənniləri isə şəxsən dəvət etmişdik.  Onların konfransda iştiraklarını çox istəyirdik, səhvlərini özləri görsələr daha yaxşı olardı. İnsan ömür boyu öyrənir, burda qəbahətli heç nə yoxdur.

- Sevinc xanım, neçə nəfər müğənninin ifası üzərində monitoriq aparılıb?

- Bu gün Azərbaycan televiziya və radio məkanında daha çox təqdim olunan müğənnilərin ifa tərzinə müraciət etdik. Təxminən 50-yə yaxın müğəninnin yaradıcılığına müraciət etmişdik ki, onların da 39-nun ifasında müxtəlif dil qüsurları aşkarlandı. Amma bu o demək deyil ki, müğənni hansısa mahnısında dil normasını pozubsa, o, qəbahətli dil qüsuru ilə oxuyan müğənnidir. Xeyr! Sadəcə biz ədəbi dil normaları üzrə səhvləri müəyyənləşdirdik və açıqladıq. Məsələn, Elnarə Abdullayeva bir neçə mahnıda xırda qüsura yol verib, amma elə mahnı var ki, orda başqa müğənni səhv oxuyur, Elnarə xanım qüsursuz oxuyur.

- Dediniz 50-yə yaxın müğənninin ifası üzərində monitoriq aparmısız, onlardan 39-da qüsur aşkar olunub. İfasında dil qüsuru olan müğənnilərimiz kimlərdir?

- Zemfira İbrahimova, Şəbnəm Tovuzlu, Abbas Bağırov, Təranə Qumral, Ayan Babakişiyeva, Könül Kərimova, Xəyyam Nisanov, Uran, Telli Borçalı, Aşıq Əli, Aşıq Əhliman, Zabit Nəbizadə, Cavanşir Məmmədov, Namiq Qaraçuxurlu, Damla, Pərviz Bülbülə, Eyyub Yaqubov, Röya, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Zülfiyyə Xanababayeva, Üzeyir Mehdizadə, Günay İbrahimli, Nazənin, Çinarə Məlikzadə, Elxan Əliyev, Talıb Tale, Rəqsanə, Aşıq Zülfiyyə, Bəturə Hüseynova, Rəvan Qarayev, Vasif Əzimov, Sevda Ələkbərzadə, Xumaq Qədimova, Qurd, Murad Arif, Manaf Ağayev, Tacir Şahmalıoğlu.

Adlarını qeyd etdiyim müğənnilərin ümümi nitqində deyil, ifa etdiyi bəzi mahnılarda dil qüsurları aşkarlanıb. Məsələn, bəzi müğənnilər ifalarında dialekt, digərləri xarici sözlərdən istifadə edib. Onların arasında orfoepik qaydanı pozanlar, vulqar sözlərdən istifadə edənlər, vurğunu düzgün, yerində işlətməyənlər, uzun saitləri qısa səsləndirənlər, ehtiyac olmadığı halda sözə əlavə sait artıranlar da var.

- Qeyd etdiyiniz siyahıda Fədayə Laçının adı yoxdur, onun ifası monitoriqlərə cəlb olunmuşdumu?

- Bəzi saytlarda Fədayə Laçının ifasının da monitorinqlərə cəlb olunduğu yazılıb, amma bu, tamamilə yanlışdır. Sizə təqdim etdiyim siyahıda onun adı yoxdur, onu monitorinqə cəlb etməmişik. Çünki monitorinqin hədəfi son dövrlərdə Azərbaycan tamaşaçının dinlədiyi, daha çox üstünlük verdiyi ifalardan gedirdi.

- İfasında qüsur aşkar etmədiyiniz ifaçıların adlarını da açıqlaya bilərsiniz?

- Monitorinqə cəlb etdiyimiz müğənnilər sırasında Gülyaz və Gülyanaq Məmmədova bacılarının adını xüsusi ilə qeyd etmək istərdim. Onların ifasında ciddi qüsurlar, demək olar ki, aşkarlanmayıb. Buraya Ehtiram Hüseynov və Faiq Ağayevi də əlavə etmək olar.

- Müğənnilərin ifasındakı dil qüsurları ilə bağlı aparılan bu monitorinqə yekun vurdunuz, yoxsa növbəti mərhələlərdə davam etməsi gözlənilir?

- Bu il üçün bitdi. Düşünürəm ki, apardığımız monitorinqin nəticələri müvafiq qurumlar üçün maraqlı olmalıdır. Elm, mədəniyyət və digər sahələri təmsil edən şəxslər sərhədlər aşaraq doğma Azərbaycanımızı, o cümlədən Azərbaycan musiqisini dünyanın müxtəlif ölkələrində tanınır və sevdirirlər. Buna görə də həmin ifalarda ədəbi dil normalarına ciddi riayət olunmalı, qüsurlara yol verilməməlidir.

- Kimlər dil normalarına mütləq əməl etməlidir?

- Özünə, təmsil etdiyi mədəniyyətə, xalqa sevgisi olan hər kəs ana dilində mükəmməl danışmaqla, onun qayda-qanunlarına əməl etməlidir. Söhbət Azərbaycandan və Azərbaycan dilindən gedirsə, burda heç kimə güzəşt oluna bilməz.