ATV telekanalında yayımlanan zövq yarışması “Özünə bax”da ötən gün dörd iştirakçı ikinci yarımfinala vəsiqə qazanıb.
Axşam.az-ın məlumatına görə, bu dəfə münsif kürsüsündə layihənin siması Ruhi Əliyeva, stilist Elnur Həsənov və aparıcı Kamilə Babayeva əyləşib. Geyimlərini nümayiş etdirən iştirakçılar- Rasim Məmmədov, Elçin Allahverdiyev, Nicat Qənizadə və Lalə Dünyamalıyeva münsiflərdən “hə” cavabını alıblar.
Kamilə Babayeva “Özünə bax” layihəsinin hər kəsə bir dərs verdiyini bildirib:
“Bu layihədən hamı nəticə çıxarmalıdır. Artıq üçüncü buraxılış yayımlanır. Hər dəfə geyimlə bağlı maraqlı məsləhətlər verilir. Bura gələn iştirakçılar qüsursuz olmalıdırlar, məsləhətlərdən nəticə çıxarmalıdırlar. Burada zövqlə bağlı çox şey öyrənmək mümkündür”.
Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru isə Qəmər Abbasovadır. Müsabiqədə birinci yerin sahibi olacaq xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.