Məşhur teleaparıcı İlkin Həsəni 40 min manat müqabilində "Bank of Baku"nun reklam rolikinə çəkilib.
Axşam.az-a daxil olan məlumata görə, ötən həftənin sonlarında İlkin Həsəni fotoqraf Ruslan Nəbiyevin studiyasını ziyarət edib. Fotoqraf İlkin Həsənini yeni foto çəkilişlərə hazırlayıb və onlar reklam roliki haqda söhbət ediblər. Məlumata görə, İlkin Həsəni yeni reklam rolikinə çəkildiyini və bunun müqabilində ona 40 min manat verildiyini deyib. Oxucumuzun sözlərinə görə, o, söhbət zamanı tez-tez "Bank of Baku"nun adının çəkildiyini eşidib və rolikin də məhz bu bank üçün hazırlandığı qənaətinə gəlib. Mənbəmiz onu da bildirib ki, onu heyrətləndirən əsas məqam isə teleaparıcıya bir rolikə görə nə az, nə çox düz 40 min manat qonorarın verilməsi məsələsidir ki, heç bir yerli şou-biznes ulduzuna bir reklam rolikində iştiraka görə bu qədər qonorar verilmir.
Məsələylə bağlı İ.Həsəninin özü ilə əlaqə saxladıq. O, reklama çəkildiyini təsdiq etsə də, məbləğ haqda danışmayıb:
"Müqaviləyə əsasən, reklam işıq üzü görənədək bu haqda ətraflı danışmağa icazə yoxdur. Çarx yayımlandıqdan sonra açıqlama veriləcək".