Britaniyalı aktyor Benedikt Kamberbetç ukraynalı qaçqınları öz evində qəbul etmək qərarı alıb.
Axşam.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, Britaniyanın ictimaiyyət nümayəndələrinə, xeyriyyə təşkilatlarına və biznes qurumlarına Ukraynadan gələn qaçqınları mənzillə təmin etməyə imkan verən hökumət proqramında iştirak edəcəyini açıqlayıb.
“Hər kəs bacardığını etməlidir. Rekord sayda insan könüllü olaraq insanları evlərində qonaq edir. Mən özüm də bu proqramda iştirak edəcəyəm" - deyə, Benedikt bildirib.
Xatırladaq ki, Benedikt daha əvvəl Santa Barbara Beynəlxalq Film Festivalında Ukraynaya dəstək əlaməti olaraq səhnəyə ölkənin bayrağı ilə çıxıb.
Qeyd edək ki, martın 9-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat nəticəsində artıq 2,1-2,2 milyon insanın ölkəni tərk etdiyini bildirib.