Rusiyanın Əməkdar rəssamı Nikas Safronovun oğlu, pianoçu Luka Safronov Moskvanın Puşkinskaya meydanında yerləşən "McDonald's" restoranının girişinə özünü qandallayıb.
Axşam.az xəbər verir ki, musiqiçi etiraz məqsədi ilə atdığı bu addımla "fast-food" şəbəkəsindən restoranlarını bağlamamağı tələb edib. Lukanın sözlərinə görə, bununla onu ömrüboyu yediyi yeməkdən məhrum edirlər. Piylənmədən əziyyət çəkən və çəkisi 270 kiloqram olan Luka illərdir onlara təklif olunan yeməkdən indi imtina etmələrini anlaya bilmir:
“Həmişə azad insan olmuşam. Başa düşə bilmirəm ki, necə cəzalandırıla, istəmədiyim şeyi etməyə məcbur edilə bilərəm. Niyə bizə dost olmayan dövlətlərin siyasətçiləri bizi, adi dinc insanların həyat tərzini zorla dəyişməyə məcbur edirlər? 30 il bizə bu yeməyi yedizdirdilər, dedilər ki, Qərbdə sevilir və biz də sevməliyik, indi isə bizi tərk edirlər. Pozuntular ilk növbədə Birləşmiş Ştatlar tərəfindən - bütün dünyada hər bir insanın azadlıqlarına hörmətdən çox danışan dövlət tərəfindən edilir. Söhbət təkcə "fast-food"dan getmir. Onlar tolerantlıq və demokratiya fəlsəfələrini hər yerdə təbliğ etməklə, bizi azad düşüncə tərzinə öyrəşdiriblər. Bununla belə, indi nə baş verir? Azadlığımız məhdudlaşdırılır".
Musiqiçi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, "McDonald's" Ukraynadakı hərbi əməliyyatlar səbəbindən bu gündən etibarən Rusiyadakı 850-yə yaxın restoranını bağlayıb.