Brüs Uillisin yaddaşındakı problemlərə görə karyerası bitir

Brüs Uillisin yaddaşındakı problemlərə görə karyerası bitir
685 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Brüs Uillisin demensiyadan (əqli qabiliyyətin pisləşməsi) əziyyət çəkdiyi və bu səbəbdən karyerasını bitirdiyi iddia olunub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, "The New Zealand Herald" aktyorun yaddaşı ilə bağlı yaşadığı problemlərə görə sənətdən getmək məcburiyyətində qaldığını yazıb.

Bildirilib ki, Brüsün 66 yaşı var və o, uzun müddətdir ki, böyük layihələrdə iştirak etmir. Aktyor bir neçə aşağıbüdcəli döyüş filmlərində çəkilişlərini isə bitirmək üzrədir.

İnsayderlərin fikrincə, bu yaşda aktyor üçün işləmək çox çətindir, çünki o, ssenarinin mətnini tez-tez unudur. Hətta bu ilin fevralında yutubda "The Bruce Willis fake movie factory" adlı video yayımlanıb. Orada Brüsün uzun müddətdir qulaqlıq vasitəsiylə suflyor köməyi ilə mətnləri səsləndirdiyi deyilib.

"Trauma Center" filmində aktyorla birlikdə işləyən rejissor Mett Eskandari iddia edib ki, bu hala bir neçə filmin çəkilişində şahid olub və bunun çox kədərli olduğunu ifadə edib:

"Həqiqətən də belədir. Onunla dörd filmdə işləmişəm. B.Uillis kimi bir əfsanənin gözlərimiz qarşısında bu vəziyyətə düşməsini görmək kədərlidir".

Qeyd edək ki, bu iddialar il ərzində bir neçə Qərb mətbuatında öz əksini tapıb.