O da Rusiyanı birdəfəlik tərk etdi

O da Rusiyanı birdəfəlik tərk etdi
1200 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Çulpan Xamatova ölkəsini tərk etdiyini təsdiqləyib.

Axşam.az xəbər verir ki, aktrisa bunla bağlı "YouTube"da yayımlanan "Скажи Гордеевой" şousunda danışıb. 

"Hadisələr başlayanda Rusiyada deyildim. İlk günlər nə edəcəyim haqda düşündüm. Əvvəl qərar verdim ki, bir müddət haradasa qalım. Sonra isə anladım ki, Rusiyaya geri qayıtmaq lazım deyil. Hazırda Latviyadayam. Öz vətənimi çox sevirəm, xəyanətkar deyiləm" deyə, Çulpan bildirib. 

Aktrisa yeni qaydalar və yalanlara görə Rusiyaya qayıtmaqdan çəkindiyini deyib:

"Rusiyaya qayıtmaq üçün iki çarəm var: müharibə haqqında danışmağı dayandırmalıyam, fikir verməməliyəm. Ukraynalı dostlarımdan aldığım məlumatlara, orada yaşananlara baxmayaraq susmalıyam. Özümə, insanlara yalan danışmalı və düzgün olmayan qayda ilə yaşamalıyam. Bu, qaraya ağ deməyə məcbur olmaq kimidir. 

Əvvəl müharibəni dəstəkləmədiyim üçün üzr istəməliyəm. Sonra isə mənə deyiləcək ssenari ilə oynamalıyam. Bu, Rusiyaya qayıtmağımın yeganə çıxış yoludur. Bunu etsəm həbsxanada yatmaya bilərəm".

Aktrisa Riqada məskunlaşıb. O bildirib ki, evi kənd stilindədir.

"Mənə digər insanların yardımı kömək etdi. Çünki maşın kirayə götürməyə pulum da yox idi. Mənə yardım edənlərə təşəkkür edirəm. Pulum iki-üç aya bəs edər. Ona qədər yeni iş tapmalıyam" deyə, Xamatova söyləyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox məşhur ölkədən gedib.