Ukraynadakı vəziyyətlə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyaların qurbanlarından biri də rusiyalı oliqarx, “Alfa-Bank”ın İdarə Heyətinin keçmiş sədri Pyotr Avendir.
Axşam.az xəbər verir ki, o, “Financial Times”a müsahibə verərək, sanksiyalardan sonra necə yaşayacağını bilmədiyini efiraf edib:
"Biznesimiz tamamilə məhv olub. 30 il ərzində qurduğumuz hər şey indi tamamilə dağıdılıb. Necəsə yeni həyata başlamalıyıq. Xadimə və ya sürücü işə götürə bilərəm? Özüm maşın sürmürəm. Bəlkə ögey qızım sürər. Necə sağ qalacağımızı anlamırıq" deyə, Aven bildirib.
Rusiyalı oliqarx vurğulayıb ki, onun indi nə yaxtası, nə də şəxsi təyyarəsi var. Onun bütün hesabları və aktivləri (o cümlədən daşınmaz əmlakı) sanksiyalara görə dondurulub.
Nəşr xatırladıb ki, "Forbes" jurnalının məlumatına görə, 2021-ci ildə Avenin sərvəti 5,3 milyard dollar olub. Hazırda olduğu Londonda onun zənginlərin yaşadığı Sent Ceyms bölgəsində ən üst mərtəbədə dupleks mənzili və şəhərətrafı ərazidə sənət kolleksiyası olan malikanəsi var. Aven müsahibə üçün gələn jurnalistləri də elə öz mənzilində qəbul edib.
Nəşr həmçinin, yazıb ki, Avropa banklarının Rusiya ilə transsərhəd əməliyyatlarını dondurmasından bir neçə gün əvvəl, oliqarxın həyat yoldaşı Londonda bankomatlardan gələcəkdə baş verəcək hadisələrə hazır olmaq üçün mümkün qədər çox pul çəkib.
Müsahibə əsnasında rusiyalı oliqarx bunun bir nəticə verməyəcəyini bilsə də sanksiyalara etiraz edəcəyini deyib. Onun sözlərinə görə, britaniyalı hüquqşünaslar ümumiyyətlə ruslarla işləmək istəmirlər:
"Mənə dedilər ki, sanksiyaları dəyişmək demək olar ki, mümkün deyil".
“Financial Times”ın məlumatına görə, Aven 20 gündən az müddətdə Böyük Britaniyadan qovulma təhlükəsi ilə üzləşə bilər. Lakin o, həyat yoldaşı və səkkiz yaşlı övladı ilə birlikdə burada qalmaq istəyir. Çünki o, etiraf edir ki, buradan getsə, bir daha geri dönə bilməyəcək.
Bankir həmçinin qeyd edib ki, o, sanksiyaları ədalətsiz hesab edir. O, bildirib ki, rusiyalı iş adamlarına qarşı tətbiq olunan sanksiyalar Rusiya Prezidenti Vladimir Putinə heç bir şəkildə təsir etməyəcək.
Aven eyni zamanda, Putinin yaxın çevrəsi ilə yaxınlığının olması, Rusiyada bizneslə məşğul olmaq üçün prezidentlə əlaqə saxlamağın tələb edilməsi və Kremldən zəng gələrkən cavab verməkdən başqa çarəsinin olmaması ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, bundan əvvəl rusiyalı milyarder Mixail Fridman "Bloomberg"ə müsahibəsində bloklanmış hesablarına görə düşdüyü acınacaqlı vəziyyətdən şikayətlənib.