Bu gün Kral III Çarlzın tacqoyma mərasimi baş tutub.
Axşam.az xəbər verir ki, III Çarlz Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında keçirilən mərasimdə rəsmi formada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 2,23 kiloqram çəkiyə malik tac 1661-ci ildə II Çarlzın tacqoyma mərasimində istifadə olunub. O xalis qızıldan hazırlanıb və 444 qiymətli və yarı qiymətli daşlarla bəzədilib. Kralın əyləşdiyi taxt ilk dəfə 1308-ci ildə Kral I Eduardın tacqoyma mərasimində istifadə edilib ki, onun 152 kilqram çəkisi var.
Kralın ardınca onun həyat yoldaşı Kamilla Parkerin tacı özünə təqdim olunub. O, britaniyalı dizayner Bryus Oldfild tərəfindən hazırlanmış paltarla mərasimə qatılıb. O, imicini 1858-ci ildə Kraliça Viktoriya üçün hazırlanmış 25 brilyant tac boyunbağı ilə tamamlayıb. Maraqlı məqamlardan biri də mərhum Kraliça II Elizabetin də öz tacqoyma mərasimində onu taxması olub.
Mərasimdə Kral ailəsi ilə yanaşı bir çox siyasətçilər, o cümlədən Ukraynanın birinci xanımı Yelena Zelenska və Ukraynanın baş naziri Denis Şmıxal, İsveçin, Tailandın kralı və kraliçaları, bir neçə ildir evliliklərində problem yaşadıqları iddia olunan Şahzadə II Albert və onun həyat yoldaşı Şahzadə Şarlenə və digərləri olub.
Tədbirə Şahzadə Harri həyat yodaşı Meqan Markl olmadan qatılıb. Mərasimin ardından Kral və Kraliça Bukinqem sarayına qayıdıblar.