ATU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - Fotolar

ATU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - Fotolar
609 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Tibb Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır” adlı ədəbi-bədii gecə keçirilib.

Axşam.az xəbər verir ki, tədbirin aparıcıları Əli Əliyev və Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Şəbnəm Abdullazadə vətənə sevgisi, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən dahi şəxsiyyət Heydər Əliyev haqqında ən səmimi duyğularını tamaşaçılarla bölüşüblər.

Bildirilib ki, Ulu Öndər Azərbaycanın adı çəkilən şeir və musiqiləri böyük həvəslə dinləyib. Belə musiqilərdən biri də xalq şairi Nəbi Xəzrinin sözlərinə dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin bəstələdiyi “Azərbaycan” mahnısıdır. Ulu Öndərin bu mahnı haqqında səsləndirdiyi fikirlərin öz əksini tapdığı videoçarx  nümayiş olunduqdan sonra həmin mahnını Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nicat Əhmədov ifa edib. 

Ulu Öndər Azərbaycan Tibb Universitetinə, ümumiyyətlə bütün səhiyyə işçilərinə həmişə diqqət və qayğı ilə yanaşıb. Onun universitetə hər gəlişi böyük coşqu ilə qarşılanıb. O unudulmaz görüşlərin təəssüratları bu gün də ehtiramla xatırlanır. Ümummilli Liderin 100 illik yubiley tədbirlərinin universitetdə yüksək səviyyədə qeyd olunması da çoxminli kollektivin Ulu Öndərə sonsuz məhəbbətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, ədəbi-bədii gecədə ifa olunan mahnıların əksəriyyəti Ulu Öndərin sevdiyi mahnılar idi. Belə sevilən mahnılardan “Alagöz” - Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Rafiq Aslanov, “Ana” - Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Minayə Yusifova, “Küçələrə su səpmişəm” - Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi, əslən Cənubi Azərbaycandan olan Laçın Mehdipur, “Ey Vətən” - Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Məryəm Nayıbova və “Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ” - Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nihad Salahlı tərəfindən məharətlə ifa ediliblər. 

Hərbi tibb fakültəsinin VI kurs tələbəsi Nicat Nəsibli, Əczaçılıq fakültəsinin II kurs tələbəsi Sona Əkbərli və Müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi Ülkər Gülmalıyevanın ifaları, eləcə də universitetin “Şəfa” xalq çalğı alətləri ansamblının və “Çinar” rəqs ansamblının çıxışları da tamaşaçı alqışları ilə qarşılanıb.  

Tədbirdə Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, qeyri-rəsmi çıxışlarını, ömür-gün yoldaşı Zərifə xanım Əliyevaya böyük sevgisini əks etdirən lent yazıları tamaşaçılarda duyğulu anlar yaşadıb. 

Ədəbi-bədii gecə “Azərbaycan” şeirinin Ümummilli Liderin Heydər Əliyevin öz dilindən səslənməsi və bu bənzərsiz qiraətin tamaşaçı alqışları ilə müşayiət olunması ilə başa çatıb.

Tədbirdə universitetin tələbələri və professor-müəllim heyəti, rəsmi qurumların, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.