"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında iştirakçı ölkələrin münsiflər heyətinin üzvlərinin adları təqdim edilib.
Axşam.az xəbər verir ki, siyahıda Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları da yer alıb.
Məlum olub ki, seçim turunda münsif kimi Xalq artistləri Gülyaz Məmmədova, Təranə Muradova, pianoçu, bəstəkar, prodüser Anar Yusifov (sədr), professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaş-zadə, “Nero” rəqs mərkəzinin rəhbəri Emin Useynov olub.
Münsiflər heyətinin səsləri müsabiqənin finalında canlı efirdə səsləndirilib. Azərbaycan ən yüksək 12 xalı İsrail təmsilçisi Noa Kirelə verib. Sözügedən ölkə finalda üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanı yarışmada Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edib. Onlar finala vəsiqə qazana bilməyiblər. "Avroviziya 2023"üç qalibi "Tattoo" mahnısı ilə çıxış edən İsveç təmsilçisi Lorin olub.