“Muğam aləmi” festivalı çərçivəsində elmi simpozium keçirilib

“Muğam aləmi” festivalı çərçivəsində elmi simpozium keçirilib
915 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium təşkil olunub.

Axşam.az xəbər verir ki, simpoziumun rəsmi açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.

Nazir müavini qeyd edib ki, 2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri olduğunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri və qüdrətli ifaçıları olduğunu bildirib. O, muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını diqqətə çatdırıb.

Elmi simpoziumda UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti, professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. S.Pettan qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak ediblər.

Plenar iclaslarda “Dəyərli musiqi ənənələri təhlükə altında”, “Məqamın coğrafiyası: Məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar”, “Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.