Hollivud ulduzu Ancelina Coli sosial media hesabında nöbəti dəfə kəskinləşən Fələstin-İsrail münaqişəsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, aktrisa münaqişələrə görə, ailələrin məhv olduğunu, öldürülənlərin 40%-nin günahsız uşaqlar təşkil etdiyini vurğulayıb:
“Bu, qaçmağa yeri olmayan tələyə düşmüş əhalinin qəsdən bombalanmasıdır. Qəzza iyirmi ilə yaxındır açıq hava həbsxanası olub və sürətlə kütləvi məzarlığa çevrilir.
Bütün dünyanın gözü önündə və bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki şəxs - uşaqlar, qadınlar, ailələr - hamısı beynəlxalq hüquqa zidd olaraq kollektiv şəkildə cəzalandırılır və qida, dərman, humanitar yardımdan məhrum edilir".
Qeyd edək ki, Ancelina paylaşımında Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinin fotosunu yayımlayıb. CNN-in məlumatına görə, qaçqın düşərgəsinə endirilən aviazərbələr nəticəsində azı 80 nəfər həlak olub.
