Müflis olmuş kriptovalyuta birjası "FTX"in məşhur qurucusu, əvvəllər sərvəti 26,5 milyard dollar olaraq qiymətləndirilən 31 yaşlı keçmiş kriptomilyarder Sem Benkman-Frid fırıldaqçılıq və cinayət əməlində iştirakda təqsirli bilinib.
Axşam.az "Reuters"ə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində prokurorlar onun müştərilərindən 8 milyard dollar oğurladığını sübut ediblər. Hazırda onu 115 il müddətinə həbs gözləyir.
Manhettenin baş federal prokuroru Damian Williams Fridi “Amerika tarixində ən böyük maliyyə fırıldaqlarından biri” adlandırıb.
Qeyd edək ki, "Forbes"onun sərvətinin ən yüksək həddinin 26,5 milyard dollar olduğunu açıqlamışdı. Dekabrda "FTX" dağıldıqdan sonra isə bu rəqəm sıfıra enib.