Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub.
Axşam.az xəbər verir ki, onun həbsindən sonra həyat yoldaşı Gülsəfa Cəfərova bahalı həyat tərzini əks etdirən fotolarının çoxunu instaqram səhifəsindən silib. Bundan başqa o, hekayə bölməsində “Quran”dan “Hud” sürəsinin 18-ci ayəsini paylaşıb.
Həmin ayədə “Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!” deyilir.
Gülsəfa Cəfərovanın digər paylaşımında isə bunlar yazılıb:
“İstər itki acısı, istər qarışıqlığın ağırlığı, istərsə də həyatın sınaqları ilə qarşılaşsanız da, bilin ki, tək deyilsiniz. Bu hissləri parçalayanlar üçün Allah sizin qəlbinizi ən yaxşısına yönəltsin. Şəfa axtaranlara Allah dərdini yüngülləşdirsin, qüvvət versin. Səbrlə gözləyənlər üçün hekayəniz hələ görə bilmədiyiniz şəkildə gözəl şəkildə inkişaf edir. Sizin dözümlülüyünüz Allah tərəfindən diqqətdən kənarda qalmır”.
Qeyd edək ki, A.Əhmədzadə SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Ötən gün Səbail Rayon Məhkəməsi Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.