Dizayner Gülnarə Xəlilovanın “Şəbəkə” adlı kolleksiyası Qazaxıstanın Türküstan şəhərində təşkil olunan “Turkıstan World Craft Fest-2025” beynəlxalq festivalında uğurla nümayiş olunub.
Axşam.az xəbər verir ki, festival Türküstanda açılışı keçirilən "Sənətkarlar şəhərciyinin" tərkibində baş tutub. Azərbaycanın ənənəvi şəbəkə sənətindən ilham alınaraq hazırlanan “Şəbəkə” kolleksiyası festivalın əsl bəzəyinə çevrilib. Bu kolleksiya müasir dəbi milli sənət ünsürləri ilə birləşdirərək böyük maraqla qarşılanıb.
"Sənətkarlar şəhərciyi" mədəni turizm və sənətkarlıq təhsili mərkəzi kimi nəzərdə tutulub. Burada ənənəvi texnologiyalar qorunacaq və gələcək nəsillərə ötürüləcək. Əsas məqsəd yalnız zəngin sənətkarlıq ənənələrini nümayiş etdirmək deyil, eyni zamanda türkdilli xalqlar arasında mədəni əlaqələri gücləndirməkdir” deyə, Gülnarə Xəlilova bildirib.
Festivalda Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Tacikistan, Rusiya, Çin və Qazaxıstanın müxtəlif bölgələrindən gəlmiş 100-dən çox sənətkar iştirak edib. Hər biri öz mədəniyyətini və sənət ənənələrini əks etdirən unikal əl işlərini təqdim edib – keramika, xalçaçılıq, zərgərlik və tekstil nümunələri tədbirin əsas maraq nöqtələri olub. Tədbir çərçivəsində ənənəvi texnologiyaların təqdimatı, sənətkarlıq yarmarkaları, ustad dərsləri, qastronomik zonalar və folklor çıxışları da təşkil edilib.